Azərbaycan Dillər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu STMEGI və İsraildəki Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin (Dahan Centre) birgə layihəsi olan “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
AzerTimes xəbər verir ki, konfransdan əvvəl Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin direktoru Şimon Ohayon, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Aşkelon Akademik Kollecinin rektoru Şimon Şarvit, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və Bar-İlan Universiteti Təhsil fakültəsinin dekanı Zehavit Qrossun görüşu olub.
Rektor Kamal Abdulla Azərbaycan Dillər Universiteti haqqında məlumat verərək qeyd edib ki, bu gün universitetdə 20-yə yaxın dil öyrədilir. Buraya təkcə Avropa dilləri daxil deyil, o cümlədən Yəhudi Dili Mərkəzi də var: “Paralel olaraq çalışırıq ki, Azərbaycan dilini də digər ölkələrdə yayaq. Bu məqsədlə bəzi ölkələrdə Azərbaycan Dili Mərkəzi də var. İsraildə də bu cür mərkəzlər yaradılarsa, sevinərik”.
O əlavə edib ki, universitet müasir dillərin öyrənilməsində 300-cü yerdədir. Bu, 1600 universitet arasında aparılan statistikadır.
K.Abdulla qonaqların diqqətinə çatdırıb ki, Azərbaycanda yəhudilərlə münasibətlər çox gözəl inkişaf edib. Ümumiyyətlə, bütün dinlər arasındakı münasibətlər harmonik vəziyyətdir. Ölkəmizdə aparılan siyasət bunu tənzimləyən amillərdəndir ki, bütün konfessiyalara bərabər münasibət göstərilir. Nəticədə isə bu xüsusiyyətlər Azərbaycanda multikulturalizmin çiçəklənməsinə gətirib çıxarıb.
Rektor 1918-ci il Mart soyqırımı haqqında qonaqlara məlumat verərək bildirib ki, ermənilərin törətdiyi cinayətlər zamanı təkcə azərbaycanlılar öldürülməyib. Onların arasında yəhudilər də çox olub. Bu məsələlər ADU-da dərslər vasitəsilə tələbələrə çatdırılır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qonaqlara mərkəzin fəaliyyəti haqqında məlumat verib. Ölkəmizdə multikulturalizmə aid tədbirlərin keçirilməsinin ənənəvi hal aldığını qonaqların diqqətinə çatdırıb.
Görüşün sonunda qonaqlara hədiyyələr təqdim edilib.
Konfrans Azərbaycan və İsrailin himlərinin səsləndirilməsi ilə başlayıb.
“Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusundakı beynəlxalq-elmi konfransda çıxış edən Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin direktoru Şimon Ohayon bildirib ki, Azərbaycan Dillər Universiteti ilə Bar-İlan Universiteti arasında əməkdaşlıq əlaqələri qurulacaq. Bu da universitetlər arasındakı münasibətləri yaxşılaşdıracaq. O, Dağ, Avropa və Gürcüstan yəhudiləri haqqında məlumat verərək deyib ki, bu konfrans vasitəsilə akademik və mədəni əməkdaşlığın əsası qoyulur. Bunun təzahürlərini gələcəkdə görəcəyik.
Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla qeyd edib ki, bugünkü konfrans elmi cəhətlərinə görə vacib əhəmiyyətə malikdir. Bu gün Azərbaycan və İsrail münasibətləri üçün xüsusi bir gündür. Çünki konfrans elmi, mədəni və siyasi mahiyyətinə görə əhəmiyyətlidir. Vurğulayıb ki, ölkəmizdə tarix boyu yəhudilər yaşayıblar. Bu səbəbdən də iki ölkənin tarixində, mədəniyyətində oxşarlıqlar var:
“İsraildə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin yaradılması məsələsini israilli qonaqlarla müzakirə etdik. İnanırıq ki, yaxın zamanlarda bu baş verəcək”.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetində reallaşan konfransda Azərbaycan, İsrail, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox tədqiqatçı-alim iştirak edir.
İki gün davam edəcək beynəlxalq konfransın 13 panel iclasında – “Adət və ənənələr”. “Azərbaycanda və yəhudi icmasında multikulturalizm”, “Milli və etnik kimlik”, “Sionist fəaliyyət və Qafqazdan immiqrasiya”, “İsrail-Azərbaycan münasibətləri”, “Bakıdakı yəhudi icması: Tarix və cəmiyyət”, “Dil və kimlik”, “Qafqaz yəhudiləri müasir dövrdə”, “Dağ Yəhudiləri İkinci Dünya müharibəsi dövründə”, “Mədəniyyət və incəsənət”, “Yəhudilər Azərbaycanda”, “Qafqaz yəhudilərinin tədqiqi mənbələri” mövzularında geniş müzakirələr aparılır.