Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir uğura imza atıb. Mayın 15-də universitetdə Belarus dili və mədəniyyəti mərkəzinin açılışı olub.
AzerTimes xəbər verir ki, tədbirdə Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Yevqeniyevna Lapteva, Belarus Respublikasının Azərbaycandakı səfirliyinin 1-ci katibi İvan Xlebakazov, millət vəkilləri Ziyad Səmədzadə, Tamam Cəfərova, Etibar Əliyev, Naqif Həmzəyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Elm və Ali Təhsil Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Fariz Quliyev, təhsil işçiləri, müəllimlər və tələbələr iştirak ediblər.
Öncə Azərbaycan və Belarus Respublikalarının Dövlət Himni səsləndirilib. Belarus Respublikası haqqında tanıtım çarxı izlənilib. ADU tələbələri Belarus dilində şeirlərlə qonaqları salamlayıblar.
Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, ADU-da Belarus dili və mədəniyyəti mərkəzinin açılması hər iki ölkənin ictimai-siyasi həyatında və eləcə də universitetlərin elmi-pedaqoji fəaliyyətində mühüm əhəmiyyət kəsb edir:
“Bu gün tarixi bir gündür. Azərbaycan Dillər Universitetində Belarus dili və mədəniyyəti mərkəzinin fəaliyyətə başlaması yeni elmi, mədəni əlaqələrin qurulması, inkişafı və gələcək uğurların təməli deməkdir. Bu münasibətlə bütün elm ictimaiyyətini, təhsil nümayəndələrini təbrik edirəm.
Belarus xalqı hər zaman Azərbaycan xalqının yanında olub. 44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Belarus mədəniyyəti, dili, ədəbiyyatı dünya irsinin ən zəngin sahələrindən biri hesab olunur. İnanıram ki, əlaqələrimizin inkişafında və gələcək uğurlarımızın əldə olunmasında Belarus dili və mədəniyyəti mərkəzinin böyük rolu olacaqdır. Minsk Dövlət Linqvistik Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzi də öz üzərinə düşən missiyanı son dərəcə uğurla həyata keçirir”.
Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Yevqeniyevna Lapteva tədbir iştirakçılarını salamlayıb, Belarus dili və mədəniyyəti mərkəzinin açılması münasibətilə hər kəsi təbrik edib.
Qeyd olunub ki, ADU-da Belarus dili və mədəniyyəti mərkəzinin açılması universitetlərin elmi-pedaqoji fəaliyyətinə öz töhfələrini verəcək və iki ölkənin mədəni-humanitar sahədə əməkdaşlığına müsbət təsir göstərəcəkdir.
Belarus Respublikasının Azərbaycandakı səfirliyinin 1-ci katibi İvan Xlebakazov yaradılan şəraitə və səmimi qarşılanmaya görə universitet rəhbərliyinə və kollektivə öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Rusiya səfirliyinin 1-ci katibi Pavel Kuznetsov, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Pyotr Volokovıx mərkəzin fəaliyyətinə uğurlar arzu ediblər.
Tədbir mərkəzin gələcək fəaliyyəti ilə bağlı müzakirələrlə davam edib.
Qeyd edək ki, ötən il Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın və Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Yevqeniyevna Laptevanın birgə təşəbbüsü və Azərbaycan Respublikasının Belarusdakı səfirliyinin yaxından iştirakı ilə Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı olmuşdu.