ADU-da “Azərbaycan və Çin gəncləri: dünən, bu gün, sabah” adlı seminar keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çində Gənclər Gününə həsr olunmuş “Azərbaycan və Çin gəncləri: dünən, bu gün, sabah” adlı onlayn seminar keçirib. Seminarda çıxış edən ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti, bu sahədə aparılan məqsədyönlü işlərin Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirildiyini bildirib. Onun sözlərinə görə bu siyasətin uğurla aparılması nəticəsində ölkəmizdə sağlam düşüncəli, mənəvi saf və dövlətçilik ideyalarına sadiq vətənpərvər yeni nəsil formalaşır. R.Abbasov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2020-ci ilin gənclərin fərdi inkişafına yardım göstərmək, onlarda sosial məsuliyyət hissini artırmaq, gənclərin potensialından xalqın rifahı və ölkəmizin davamlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə “Könüllülər İli elan edilməsi haqqında” Sərəncamını da xatırladıb.

Seminarda çıxış edən ADU Konfutsi İnstitutunun müəllimi Əfsanə Mirsalayeva bildirib ki, müasir Çin gəncliyi müxtəlif ictimai və dövlət proqramlarının həyata keçirilməsində fəal iştirak edir, o cümlədən Çində koronovirus epidemiyası ilə mübarizəyə böyük töhfə verib. Onun sözlərinə görə, Gənclər mədəniyyəti və dəyərləri Çinin gənc nəslinin açıqlığı, təhsili və vətənpərvərliyi ilə seçilir.


ADU tələbələri gənc çinlilər haqqında fikirlərini bölüşərək, onların səmimiyyətini və mehribanlığını, bilik və xarici dillərin öyrənilməsini, ailə həyatına və karyerasına diqqətlə yanaşdıqlarını qeyd ediblər.

Teqlər: