ADU-da “Azərbaycan-Pakistan-Çin: İpək Yolu üzərində strateji tərəfdaşlıq” seminarı keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Azərbaycan-Pakistan-Çin: İpəkYolu üzərində strateji tərəfdaşlıq” adlı elmi-tələbə seminarı keçirib.

Seminarda çıxış edən ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin-Pakistan siyasi və iqtisadi əlaqələrinin inkişafından danışaraq, bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsində iki ölkə arasında əməkdaşlığın strateji mahiyyətini qeyd edib.

R. Abbasov, Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş “Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycan və Pakistanın fəal iştirakını xüsusi vurğulayıb.

Rafiq Abbasov həmçinin 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, bu səfər zamanı ÇXR Sədri Si Cinpinlə dövlət başçımız “İpək Yolu iqtisadi zolağının” birgə genişlənməsi sahəsində qarşılıqlı anlaşma ilə bağlı Memorandum imzalamışlar. Məhz bu Memorandum gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olmuşdur.


Çoxtərəfli Azərbaycan-Pakistan əlaqələrinin inkişafına toxunan R. Abbasov, Pakistanın İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirdiyi vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün Pakistana səfərindən danışıb. R. Abbasov həmçinin qeyd edib ki, bu yaxınlarda ADU-da Pakistan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub və ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılacaq. Həmin Mərkəzdə İpək Yolu üzərində Azərbaycan-Çin-Pakistan əməkdaşlığı ilə bağlı araşdırmaları da “Lazurit yolu” elmi tədqiqatlar sektoru aparacaq.

ADU-nun çinşünas tələbələri seminarda “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ən əhəmiyyətli layihələrdən biri – Çin-Pakistan İqtisadi Dəhlizi haqqında danışıblar. Bu layihənin məqsədi, müasir tranzit nəqliyyat infrastrukturunun qurulması, müasir energetika və xüsusi iqtisadi zonaların yaradılması yolu ilə Pakistan iqtisadiyyatını inkişaf etdirməkdir.

Tələbələr, eyni zamanda, vacib geosiyasi əhəmiyyətə malik olan İpək Yolunun tranzit hissəsindən – Əfqanıstan şəhərlərini nəqliyyat marşrutları ilə Türkmənistan, Azərbaycan, Gürcüstan limanları və Türk şəhərləri ilə əlaqələndirəcək- Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizi layihəsindən danışıblar.

Teqlər: