Mayın 26-da Azərbaycan Dillər Universitetində “Arye Qut və Azərbaycan həqiqətləri” mövzusunda dəyirmi masa keçirilib.
Universitetin rektoru, akademik Kamal Abdulla Arye Qut haqqında çıxış edərək bildirib ki, onunla əməkdaşlıq və dostluq əlaqələri uzun illər əvvəl başlayıb. Arye Qut Azərbaycandan getsə də, azərbaycanlı olaraq qalıb, ölkəmizlə əlaqələrini kəsməyib: “Arye Qut həmişə Azərbaycana olan məhəbbətini qoruyub və bunu ətrafındakı insanlara da aşılayıb. O, bizim xaricdə yaşayan dostlarımızdan ən fəalıdır. Arye İsraildən buraya soydaşları ilə gəlir və Azərbaycanı onlara da sevdirə bilir, dostlarımızın sayını artırır. Xaricdə təşkil olunan ən mötəbər tədbirlərdə Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır, ən nüfuzlu media orqanlarında dəyərli məqalələrlə çıxış edir”.
Kamal Abdulla əlavə edib ki, uzun illərdir Arye Qut Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası və İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin tədbirlərində, ustad dərslərində, dəyirmi masa və görüşlərində yaxından iştirak edir. Arye Qutun Qarabağ münaqişəsi, Xocalı faciəsi, Ermənistan-Azərbaycan münasibətlərinə aid yazılmış 700–dən artıq məqaləsi müəllimlər və tələbələr tərəfindən araşdırılır və öyrənilir. Bütün bunları nəzərə alaraq, Arye Quta ADU-nun “Fəxri professoru” adının verilməsi universitet Elmi Şurasının gündəliyinə daxil edilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Arye Qut haqqında fikirlərini bölüşüb. O, qeyd edib ki, Arye Qut Azərbaycanın haqq səsini təkcə İsraildə deyil, məqalələrində, iştirak etdiyi konfranslarda, tədbirlərdə bütün dünyaya çatdırır: “Biz onu Azərbaycan həqiqətlərinin təbliğində könüllü səfir kimi görürük. Arye Qut layihə və maraqlı ideyalar deposudur”.
Tədbirdə həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək olan dost və qardaş ölkələrdən söz açılıb.
İsrailin Azərbaycandakı Səfirinin birinci müavini Doron Peer Arye Qutun İsrail-Azərbaycan siyasi, iqtisadi münasibətlərinin qurulması və inkişafındakı uğurlu xidmətlərindən danışıb, İsrail-Azərbaycan münasibətlərinin bundan sonra da yüksək səviyyədə inkişaf edəcəyinə ümid etdiyini söyləyib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Arye Qutun hər bir azərbaycanlı üçün doğma və əziz olduğunu bildirib. O deyib ki, Arye Qutun davamlı olaraq, Azərbaycanda keçirilən tədbirlərdə, İsraildə və dünyada Azərbaycanla bağlı konfrans və görüşlərdə iştirakı təqdirə layiqdir: “Müharibə bitib, amma mübarizə davam edir. Erməni yalanlarının ifşası, Azərbaycan həqiqətlərinin dünyaya təqdim olunması çox vacibdir. İsraildə bu iş uğurla aparılır. Arye doğulub böyüdüyü, dilini mükəmməl danışdığı xalqa, dövlətə vəfalıdır”.
Daha sonra Azərbaycanda Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev Arye Qut haqqında düşüncələrini bölüşüb. O, Arye Qutu İsraildə Azərbaycanın elçisi kimi dəyərləndirib, onun Azərbaycanla bağlı gördüyü işləri yüksək qiymətləndirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında Arye Qut ilə həm əməkdaşlıq, həm də dostluq etdiyini bildirib: “Arye Qut Azərbaycan multikulturalizm modelini dünyaya təqdim edir. O, Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilib, Heydər Əliyev Fondu tərəfindən bir çox layihələr həyata keçirib. Arye Qut 2016-cı ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəsidir. Mərkəzin yay və qış məktəblərində maraqlı ustad dərslərini apararaq, iştirakçılara Azərbaycanı sevdirir”.
Milli Məclisin deputatı Anatoli Rafailov Arye Qutun bütün həyatını iki dövlətin yaxınlaşmasına həsr etdiyini deyib. Uzun illərdi ki, Arye Qut Azərbaycan-Ermənistan münasibətlərini, Qarabağ münaqişəsi və Xocalı soyqrımını dünyanın diqqətinə çatdırmağa çalışır.
Tədbir iştirakçılarına öz minnətdarlığını bildirən Arye Qut öz işini sevdiyini və bu işdən böyük məmnunluq hissi keçirdiyini söyləyib: “Mən həmişə demişəm, yenə də deyirəm, mən Azərbaycan xalqının dostu yox, oğluyam. Gördüyüm işləri yalnız və yalnız Azərbaycan naminə edirəm. Azərbaycan sözdə deyil, fakt olaraq multikultural ölkədir. İsrail üçün Azərbaycan Cənubi Qafqazda strateji ölkədir. Burada mənim dostlarım çoxdu. Dostlar çox olan yerdə insan güclü olur. “Fəxri professor” adına görə təşəkkür edirəm. Mənim uğurum mənim dostlarımın uğurundan asılıdır.”
Qeyd edək ki, tədbir Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva və İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin müdiri Emiliya Xuduyevanın təşkilatçılığı ilə iki dildə təşkil olunub.