Noyabrın 23-də Azərbaycan Dillər Universitetində Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella ilə görüş keçirilib.
ADU-nun Tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova səfiri universitetimizdə görməkdə məmnun olduğunu bildirib. Qeyd olunub ki, son illər Azərbaycan-Argentina əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bu münasibətlər təhsil sahəsində də özünü müsbət mənada göstərməkdədir. ADU-da fəaliyyət göstərən beynəlxalq mərkəzlərdən danışan prorektor baş tuta biləcək layihə və proqramların prespektivindən söhbət açıb.
ADU-nun Beynəlxalq münasibətlər və regioşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli qonağı universitetdə görməkdən şad olduğunu bildirib. Fakültədə tədris olunan fənnlərin beynəlxalq əlaqələrin qurulmasında və əməkdaşlıq baxımından yeni istiqamətlərin müəyyən edilməsindəki rolu xüsusi vurğulanıb. Argentina-Azərbaycan münasibətlərindən danışan dekan gələcəkdə də elmi əlaqələrin qurulması baxımından uğurlu addımların atılacağına əmin olduğunu söyləyib.
ADU-nun Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, artıq bir neçə ildir ki, ADU ilə Argentina elmi əməkdaşlığı uğurla davam etdirilir. Bir neçə layihələr, proqramlar və dərsliklər hazırlanıb, təqdim olunub. Argentinanın tarixi, turizmi ilə bağlı elmi araşdıramalar aparılıb və toplu halında kitablar çap olunub. Bu da öz növbəsində əməkdaşlığın və gələcək əlaqələrin qurulması baxımından önəmli məsələlərdir.
ADU-nun Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov Azərbaycan-Argentina münasibətlərindən, elmi əməkdaşlıqdan söhbət açıb. “Argentinanın iqtisadiyyatı”, “Argentinanın coğrafiyası” və “Argentinanın etnoqrafiyası” kitablarının əhəmiyyəti xüsusi olaraq qeyd olunub.
İki ölkənin beynəlxalq səviyyədə bir-birini dəstəkləməsi önəmli və vacib məsələ olduğu söylənilib.
Argentinanın ölkəmizdə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella dəvət üçün təşəkkür edib. Səfir universitetlərin ölkələrarası münasibətlərin inkişafında rolundan danışıb. O, bildirib ki, ölkəsindəki müxtəlif turizm şirkətləri Argentinadan Azərbaycana turist gətirmək istəyir. Onların ispan dilini bilən bələdçi və tərcüməçilərə ehtiyacı var ki, bu da həm ADU-nun məzunları, həm də tələbələri üçün yeni iş yerləri deməkdir.
Sonda təlimdə fəal iştirak edən əməkdaşlar diplomlarla təltif olunublar.