ADPU və Sosial Xidmətər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

İyulun 15-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətər Agentliyi arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

ADPU-nun Heydər Əliyev adına məktəbinin lektoriyasında keçirilən mərasimdə çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq qeyd edib ki, bu il ali təhsil müəssisəsi özünün 100 illik yubileyini qeyd edir və bununla bağlı keçirilən silsilə tədbirlərlə yanaşı yubiley həm də hazırkı dövrə qədər əldə olunan nəticələrin ümumiləşdirilməsi, bu bünövrə üzərində çağdaş dövrün tələblərinə uyğun yeni yanaşmaların tətbiq edilməsi üçün tarixi fürsətdir. Belə işlər içərisində cəmiyyətin müasir inkişafı fonunda sosial çağırışlara cavab verəcək kadrların yetişdirilməsi xüsusi önəm daşıyır. Bu baxımdan universitetlə agentliyin əməkdaşlığı elmi-təcrübi və praktik baxımdan olduqca önəmlidir. Hazırda ADPU-nun Tarix və coğrafiya fakültəsində sosial iş, Məktəbəqədər təhsil fakültəsində isə Təhsildə sosial-psixoloji xidmət ixtisaslarına müvafiq olaraq sosial sahə üçün mütəxəssis hazırlığı həyata keçirilir. Həmçinin artıq 2020-ci ildən etibarən ADPU-da bütün ixtisaslar üzrə bakalavrlar yeni hazırlanan proqramlar əsasında təhsil alırlar. Əməkdaşlıq çərçivəsində bu və digər ixtisasların tələbələri üçün yeni təlim-təcrübə və sosial sifarişin tələblərinə uyğun yetişdirilməklə realizə imkanları ilə yanaşı, Agentlik üçün də kadr potensialı və elmi-təcrübi, tədqiqi əməkdaşlıq baxımından faydalı olacaqdır.

Çıxış edən Agentliyin idarə heyətinin sədri Vüqar Behbudov bildirib ki, son illər ölkəmizdə aparılan sosial siyasətin tərkib hissəsi kimi cənab Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncamla yaradılan qurum sosial və psixo-sosioloji reabilitasiya tədbirləri həyata keçirir və bu gün artıq 29 filial və 13 sosial xidmət müəssisəsi ilə vətəndaşların xidmətindədir. Post-müharibə dövrü üçün qəbul edilmiş yeni sosial paketin həyata keçirilməsində Agentlik də yer alır. Bütün bu ehtiyaclara cavab vermək üçün qurum gənclərlə işə xüsusi əhəmiyyət verir. İmzalanan memorandum bu istiqamətdə atılan önəmli addım olmaqla hım də gənc kadrların mühitin içərisində və yeni dövrün tələbinə uyğun proqram əsasında yetişdirilməsinə şərait yaradır.


Daha sonra imzalanma mərasimi keçirilib.

Mərasimdə çıxış edənlərdən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Asif Axundov, Məktəbəqədər təhsil fakültəsinin dekanı, dosent Şəhla Əliyeva, Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi Vüsal Abdullayev və Sosial Xidmətlər Agentliyinin sosial müəssisələrlə iş departamentinin müdiri Sara Ağayeva bildiriblər ki, prosesin effektiv icrası və hesabatlılığı üçün işçi qrupun yaradılması, eyni zamanda digər əlaqədar ixtisaslardan olan tələbələrin də təcrübə, təlim və konfranslara cəlb olunması, sosialoji kursların yaradılması, sosial xidmət sahəsində ortaq tədqiqatların aparılması vacib məsələlərdəndir və bu sahədə ADPU-nun çoxillik təcrübəsi, ölkə üzrə ən böyük şəbəkəyə malik olması, ali məktəblər üçün sosial iş sahəsində ilk dərsliyin burada hazırlanması da önəmli faktorlardır.

Teqlər: