ADPU və GRUNİ arasında virtual mübadilə davam edir (FOTO)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq
layihələr və qrantlar şöbəsinin təşəbbüsü və Xarici Dillər
Mərkəzinin dəstəyi ilə Gürcüstanın Tbilisi şəhərində yerləşən
Qriqol Robakidze Universiteti (GRUNİ) ilə birgə virtual mübadilə
layihəsi davam edir.

Layihə çərçivəsində növbəti birgə virtual dərs mayın 14-də
keçirilib. ADPU-nun Xarici Dillər Mərkəzinin müəllimləri Mirvari
Qasımova və Yasəmən Babayeva “Brands” mövzusunda interaktiv praktik
dərs keçiblər. Dərsin əsas məqsədi mövzu ilə bağlı spesifik lüğətin
(yeni sözlərin) mənimsədilməsi və praktik çalışma və müzakirə yolu
ilə sözlərin möhkəmləndirilməsi idi.

Dərs məşhur brendlərə dair kiçik müzakirə ilə başladı, sonra
yeni sözlər və onların mənasına dair təqdimat oldu. Mövzuya dair
autentik dinləmə materialı ilə qavrama vərdişi üzərində iş
aparıldı. Dinləyərək anlamanın yoxlanılması video material əsasında
tərtib edilmiş doğru/yalnış tipli sualların müzakirəsi ilə, lüğətin
möhkəmləndirilməsi isə yeni sözlərə dair kvizin qrup şəklində
işlənilməsi ilə həyata keçirildi.

Dərsin köməkçi məqsədləri – məşhur brendlər, onların yaranma
tarixi və məqsədləri barədə fikir formalaşdırmaq, dinləmə ilə
qavrama vərdişlərini, müzakirə ilə şifahi nitq vərdişlərini məşq
etdirmək idi.

Növbəti birgə virtual dərs mayın 21-də keçiriləcək. Virtual
mübadilə çərçivəsində bu son dərs gürcü həmkarları tərəfindən
aparılacaq.

Teqlər: