ADPU-nun Şəki filialında psixologiya gecəsi keçirilib (FOTO)

Aprelin 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)
Şəki filialında Gənc Psixoloqlar Birliyinin (GPB) təşkilatçılığı
ilə Psixologiya gecəsi keçirilib. Filialın rəhbərliyi,
professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi gecədə
əvvəlcə birliyin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonra GPB-nin üzvləri – “Təhsildə sosial-psixoloji xidmət”
ixtisasının tələbələri Nurcahan Rüstəmzalovanın “Davranışımıza
təsir edən hisslər”, Şəbnəm Qədirovanın “Stres nədir və həyatımıza
təsiri”, Jalə Əliyevanın “Qəzəb hissinin orqanizmə təsiri”, İlknur
Məhərrəmova və Nəzrin Məhərrəmovanın “Sevginin həyatımızdakı önəmi”
mövzusunda maraqlı çıxışları dinlənilib. Həmin ixtisasın tələbələri
tərəfindən səhnələşdirilmiş “İmtahan stresi”, “Qəzəbini idarə
etməyən insanın yaşadığı çətinliklər”, “Sevgisiz böyüyən uşaqlar”
adlı psixodramalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Gecə
Humay Saatova və Şəbnəm Qədirovanın ifasında ədəbi-bədii
kompozisiya ilə başa çatıb.

Tədbirdə tədris işləri üzrə direktor müavini dosent Gülarə
Abdullayeva, elmi işlər üzrə direktor müavini dosent Nuralı
Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri dosent Sədrəddin
Bədiyev çıxış edərək GPB-nin dörd illik fəaliyyəti dövründə həyata
keçirdiyi işlərin, təşkil etdikləri maraqlı tədbirlərin
əhəmiyyətindən bəhs edib və birliyin işinə uğurlar
arzulayıblar.

Tədbirin sonunda filialın direktoru dos. Rafiq Rasulov yekun
nitqi söyləyərək GPB-nin rəhbəri, Ümumelmi fənlər kafedrasının baş
müəllimi Kəmalə Ramazanova və birliyin üzvlərini təbrik edib,
maraqlı tədbirə görə minnətdarlığını bildirib, uğurlar arzulayıb.
Məsədyönlü fəaliyyətinə və tələbələrin elmi tədqiqat fəaliyyətinə
göstərdiyi dəstəyə görə GPB rəhbərliyinə Fəxri fərman təqdim
olunub.

Birliyin rəhbəri b/m. K.Ramazanova fəaliyyətləri üçün göstərilən
dəstəyə, yaradılan şəraitə görə filial rəhbərliyinə minnətdarlığını
bildirib.

Qeyd edək ki, GPB 25 aprel 2018-ci ildə “Təhsildə
sosial-psixoloji xidmət” ixtisasının tələbələrinin təşəbbüsü ilə
qeyi-rəsmi şəkildə fəaliyyətə başlayıb, 27 noyabr 2018-ci ildən
filialın direktoru dos. R.Rəsulovun müvafiq əmri ilə Ümumelmi
fənlər kafedrasının nəzdində fəaliyyəti rəsmi olaraq təsdiqlənib.
GPB-nin yaradılmasının əsas məqsədi “Təhsildə sosial-psixoloji
xidmət” ixtisasında təhsil alan tələbələrin psixologiyaya dair
biliklərini zənginləşdirmək, onların özlərini ifadə etmələri üçün
imkan, bu sahəyə dair təcrübə əldə etmələrinə şərait
yaratmaqdır.

Teqlər: