Oktyabrın 29-da Türkiyə Respublikasının qurulmasının 98-ci ildönümü münasibəti ilə Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi (TÜRKDAM) “Türk Dünyası ilə Birlikdə Cümhuriyyət Bayramımızı Qutlayırıq” adlı onlayn tədbir keçirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən AzerTimes-a verilən məlumata görə, Qazi Universitetinin Təhsil fakültəsinin müəllimi prof. Bülənt Aksoyun moderatorluğu ilə həyata keçirilən tədbirdə universitetin rektoru prof. Musa Yıldız, TÜRKDAM-ın direktoru prof. Alev Çakmakoğlu Kuru, Türk dünyasının dəyərli universitetlərinin rektorları, dekanlar, direktorlar, professor-müəllim heyəti, qonaqlar və tələbələr iştirak edib.
Tədbirdə Qırğızıstan, Özbəkistan, Azərbaycan kimi bir çox ölkələrin universitetləri ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. Cəfər Cəfərov da iştirak edib.
Bir dəqiqəlik sükutla və İstiqlal Marşının oxunması ilə başlayan proqram Qazi Təhsil Fakültəsi Musiqi Təhsili Bölməsinin müəllimi dos. Ömər Türkmenoğlunun verdiyi musiqi konserti ilə davam edib.Proqramın açılış nitqi ilə çıxış edən rektor prof. Musa Yıldız, “Qazi Mustafa Kamal Atatürkün 1919-cu il mayın 19-da Samsuna desant çıxararaq müstəmləkəçi və işğalçı dövlətlərə qarşı başlatdığı Milli Mübarizə Türk xalqının fədakarlığı, əzmi və qətiyyəti nəticəsində zəfərlə nəticələndi. Bu mübarizə 1923-cü il oktyabrın 29-da Cümhuriyyətin elan edilməsi ilə taclandı.”
Prof. M.Yıldız Qarabağ zəfərinin ardından türk birliyinin daha da gücləndiyini bildirib.
Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin direktoru Prof. Dr. Alev Çakmakoğlu Kuru, “Cümhuriyyətimizin 98-ci ildönümünü qeyd etdiyimiz bu mənalı gündə Qazi Mustafa Kamal Atatürkün adını daşıyan Qazi Universitetimizdən hər kəsi salamlayıram. Cümhuriyyətimizlə az qala yaşıd olan Universitetimizdən dostlarımıza və bu bayram sevincini hamımızla paylaşan Türk dünyasından dostlarımıza təşəkkür edirəm. Mən Qazi Universitetimizin bütün akademik, tələbə və inzibati heyətini Respublika Günü münasibətilə təbrik edirəm.”
Protokol çıxışlarından sonra proqrama qonaq olan türk dünyası nümayəndələrinin mesajları çatdırılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. Cafər Cafərov Türkiyə və Azərbaycan mədəniyyətlərinin ortaq olduğunu diqqətə çatdırıb. Türkiyə ilə Azərbaycanın dost olduğunu bildirən professor “Bu dostluq ən son Qarabağda özünü göstərdi”, – deyə bildirib.
“Cümhuriyyət bayramımızı Türk Dünyası ilə Birlikdə Qutlayırıq” adlı 29 Oktyabr Cümhuriyyət Bayramı şənlik proqramında türk dünyasından mahnılar da səsləndirilib. Proqram çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənt və fiziki tərbiyə fakültəsinin xor ansamblının ifasında “Çanakkale keçilmez” kompozisiyası da təqdim edilib.