ADPU-nun Quba filialının 30 illik yubileyi qeyd olunub (FOTO)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 30
illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəs ziyarət olunmuş,
sonra tədbir filialın akt zalında davam etmişdir.

Yubiley tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı
Ziyəddin Əliyev, Azərbaycan Respublikası Təhsil nazirinin müavini
Firudin Qurbanov, millət vəkili Vahid Əhmədov, Pedaqoji
Universitetin rektoru, professor Cəfər Cəfərov, Yeni Azərbaycan
Partiyası Quba rayon təşkilatının rəhbərliyi, ADPU-nun prorektor və
dekanları, Universitetin filiallarının və Predaqoji Kollecin
direktorları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid
ailələrinin üzvləri, qazilər və Quba filialının kollektivi iştirak
edib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, torpaqlarımızın
azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının
xatirəsi anılıb.

Sonra ADPU-nun Quba filialının tarixindən, fəaliyyətindən bəhs
edən film nümayiş etdirilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov filialın kollektivini
yubiley münasibətilə təbrik edərək bildirib ki, hər bir ölkənin
inkişafını təmin edən insan kapitalıdır. Təhsil isə bu kapitalı
formalaşdıran sistemdir. Təhsil sahəsinin inkişafı Azərbaycanda
prioritet istiqamətlərdən biridir. Ölkəmizdə təhsilin inkişafına
böyük diqqət göstərilir. Azərbaycan təhsilinin bugünkü inkişafının
mənbəyi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası
qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Prezident İlham Əliyev
tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq
Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir.

Firudin Qurbanov çıxışından sonra ADPU-nun Quba filialının
direktoru dosent, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyevə,
direktor müavinləri pedaqogika üzrə fəlsəfə doktoru Aysel
Şeydayevaya və tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudova Təhsil
Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş
nişanını, həmçinin filialın əməkdaşları dosent, filologiya üzrə
fəlsəfə doktoru Gülşən Ağabəy və tarix üzrə fəlsəfə doktoru Elnur
Nəsirova Təhsil Nazirliyinin Fəxri fərmanını təqdim edib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışında
bildirib ki, təhsil sahəsi hər bir dövlətin əsas strateji
sahələrindəndir. Hər bir xalqın və ölkənin taleyi, gələcəyi məhz
təhsillə bağlıdır. Quba rayonunda 2004-cü ildən başlayaraq 83 yeni
məktəb binası tikilib, 13 məktəb binası isə əsaslı təmir olunub.
Son 4 ildə isə 1 məktəb binası əsaslı təmir olunub, rayonun 3
yaşayış məntəqəsində çoxyerlik tam orta məktəb binaları tikilərək
istifadəyə verilib. 26 yaşayış məntəqəsində isə yeni modul tipli
məktəb binaları quraşdırılıb. Hazırda rayonun daha bir yaşayış
məntəqəsində, Digah kəndində yeni məktəb binası tikilir.

Z.Əliyev qeyd edib ki, ADPU-nun Quba filialında təhsilini başa
vuran gənc mütəxəssislərin xoş soraqları bu gün müxtəlif
məktəblərdən, təhsil şöbələrindən, ali təhsil ocaqlarından, ölkənin
yüksək səviyyəli dövlət orqanlarından gəlir.

ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olur. Milli
düşüncənin inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların
hazırlığına əvəzsiz töhfələr verən universitet bu gün də ölkəmizin
ali təhsil sistemində ön sıralardadır və fəaliyyətini dövrün
tələbləri istiqamətində qurur. Universitet son 100 ildə 160 mindən
çox yüksəkixtisaslı müəllim kadrları hazırlayıb. ADPU-nun
filialları da yeni nəsil müəllimlərin hazırlanması istiqamətində
fəaliyyət göstərir.

Cəfər Cəfərov çıxışı zamanı 44 günlük Vətən müharibəsində
qazanılan şanlı Qələbədən danışıb. Vətən müharibəsində
universitetin 200-dək tələbə və məzunu iştirak edib. Onlar arasında
13 nəfər şəhidlik zirvəsinə ucalıb. ADPU-nun kollektivi şəhid olan
məzunlarının xatirəsini əziz tutur, qazilərə ehtiramla yanaşır.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Prezident
İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
elmə və təhsilə göstərdikləri əvəzsiz diqqət və qayğının nəticəsi
olaraq son illərdə ali təhsil müəssisələri üçün yeni binalar
tikilib və əsaslı təmir olunub, təhsil müəssisələri ən müasir
texnologiyalarla təchiz edilib. V.Əhmədov Pedaqoji Universitetin
Azərbaycanın mədəni və təhsil həyatında, ziyalı mühitinin
formalaşmasında, müəllim kadrların hazırlanmasında əhəmiyyətli rol
oynadığını qeyd edib.

ADPU-nun Quba filialının direktoru Yusif Alıyev ali təhsil
ocağının fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki,
ADPU-nun Quba filialında professor-müəllim heyətinin elmi-tədqiqat
işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə
olunub. Filialın professor-müəllim heyətinin əməkdaşları, gənc
tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli
elmi konfranslarda, müxtəlif layihələrdə müntəzəm iştirak
edirlər.

“ADPU Quba filialı tələbələrinin ali təhsili başa vurduqdan
sonrakı fəaliyyətlərini də diqqətlə izləyir. Təhsilini başa vuran
gənc mütəxəssislərimizin xoş soraqları bu gün müxtəlif
məktəblərdən, təhsil şöbələrindən, ali təhsil ocaqlarından, ölkənin
yüksək səviyyəli dövlət orqanlarından gəlir. Fərəhləndirici haldır
ki, Azərbaycan tarixinə Qarabağa “Böyük Qayıdışın” başlanğıcı kimi
daxil olan Cocuq Mərcanlı kəndinə vətəndaşlarımızın qayıtmasından
sonra bu kənddə uzun illərdən sonra fəaliyyətə başlayan ilk
məktəbin direktoru məhz doğma filialımızın məzunu olub”, – deyə
Yusif Alıyev söyləyib.

Yubiley tədbirinin sonunda incəsənət nümayəndələrinin konsert
proqramı təqdim olunub.

Teqlər: