Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)
Quba filialında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) rəhbəri
İntiqam Yaşar, İdarə Heyətinin üzvü Habil Rzanur, şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylı, Qubalı yazar
Murad Muradov, yazar Ceyhun Ağabəyov və Quba Rayon İcra
Hakimiyyətinin (QRİH) nümayəndəsi Əhməd Nurullayev ilə görüş
keçirilmişdir.
Görüşdə filialın direktoru dosent Yusif Alıyev, filialın
tələbləri və müəllimləri iştirak etmişlər.
Dos.Y.Alıyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq
bugünkü görüşün “Yeni nəsil yazarların təbliği və gənclər arasında
oxu mədəniyyətin təşkili” layihəsi çərçivəsində ərsəyə gəldiyini
bildirmişdir.
Direktor bildirmişdir ki, mütaliə hər bir şəxs üçün əsl həyat
məktəbidir. O, gəncləri nəinki bədii qiraətlə məşğul olmağa,
həmçinin yazıb-yaratmağa səsləyərək bu istiqamətdə fəaliyyət
göstərən DGTYB-nin beynəlxalq hüquqi şəxs olaraq onlarla kitab nəşr
edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival,
görüşlər keçirən, türk dünyasında yaşayan gənc türk yazarların
birləşdiyi qurum olduğunu bildirdi.
İ.Yaşar təşkilatın yaranma tarixi və fəaliyyəti haqqında ətraflı
məlumat verib və DGTYB tərəfindən hazırlanan “Gəncliyin sözü”
kitabını təqdim edib. “Gəncliyin sözü”ndə 55 gənc yazarın müxtəlif
mövzularda əsərlərinin toplandığını qeyd edib.
Daha sonra digər tədbir iştirakçıları da çıxış edərək şeir
parçaları səsləndirmişlər.
Filialın tələbələri də tədbirdə şeirlər səsləndirmişlər.
Sonda Nizami Gəncəvi ilinə həsr olunan “Nizami Gəncəvi irsi və
gənclik” kitabı, həmin kitabda ötən il məqalələri çap olunan
filialın müəllimi Nuranə Allahverdiyevaya və Azərbaycan dili və
ədəbiyyatı müəllimliyi ixtisasının II və III kurs tələbələrinə
hədiyyə olunmuşdur.
DGTYB-nın rəhbəri İ.Yaşar sonda layihənin həyata keçirilməsində
verdiyi dəstəyə görə direktor Y.Alıyevi və R.Qusarçaylını təltif
etmişdir.
Qeyd edək ki, DGTYB həmçinin ayrı-ayrı türk ölkə və
topluluqlarında təşkil olunan onlarla konfrans, simpozium və
festivalda Azərbaycanı təmsil edib. Birliyin türk ölkə və
topluluqlarında təmsilçiləri fəaliyyət göstərir. Təşkilat olaraq
Türk dünyasında gənc yazarların 2007-ci ildə “Gənclər mükafatı”na
layiq görülüb. Birliyin seçkili orqanlarında təmsil olunan
üzvlərinin hamısı Azərbaycanın və digər türk ölkə və
topluluqlarının diplom və fəxri fərmanlarına layiq görülüb. DGTYB
Qırğız Respublikasının Milli Yazıçılar Birliyi, Özbəkistan
Respublikasının “Gənc Yaradıcılar Birliyi” və s. qurumlarla birgə
əməkdaşlığa dair memorandumlar imzalayıb.