ADPU-da yeni prorektor təyin edilib (FOTO)

Təhsil naziri Emin Əmrullayevin iyun ayının 25-də imzaladığı müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni prorektor təyin olunub. Əmrə əsasən Könül İsak qızı Pirverdiyeva Pedaqoji Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin edilib.

ADPU-dan AzerTimes-a verilən məlumata görə, iyunun 29-da universitetdə yeni prorektorun təqdimatı olub. Könül Pirverdiyevanı ali təhsil müəssisəsinin rəhbər heyətinə rektor, professor Cəfər Cəfərov təqdim edib. Rektor bildirib ki, ADPU-da strateji inkişaf məsələləri üzrə prorektorluğun yaradılması və bu vəzifəyə gənc, bacarıqlı kadr təyinatı universitetin gələcək inkişaf və yenilənmə yolunda önəmli dönüş nöqtələrindəndir. Belə ki, son dövrlərdə aparılan islahatların müsbət nəticələri artıq göz önündədir. Ötən ilin əvvəllərində ABŞ-ın Corc Vaşinqton Universiteti ilə imzalanmış beynəlxalq ikili Diplom Proqramı, bu ildən iki ixtisas üzrə ingilis dilində tədrisə başlanılması, ilk dəfə olaraq ADPU-nun magistraturasında təhsil üzrə MBA ixtisaslaşmasının və Təlim və təhsilin təşkili metodikası üzrə SABAH magistraturasının açılması və hər ixtisaslaşmaya 50 yerin ayrılması universitetdə pedaqoji təhsilin səviyyəsinin artırılması və beynəlxalq əlaqələrinin inkişafı sahəsində əldə olunan uğurıardandır. Yeni prorektorluğun fəaliyyəti ilə bu istiqamətlər üzrə işin daha da şaxələndiriləcəyinə əminik.

Çıxış edən Könül Pirverdiyeva göstərilən etimada görə Təhsil Nazirliyinin və universitetin rəhbərliyinə təşəkkürünü bildirib, ADPU-nun və ölkəmizdə pedaqoji təhsilin inkişafı naminə əlindən gələni edəcəyini vurğulayıb. K. Pirverdiyeva daha sonra indiyə qədərki fəaliyyəti haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, K. Pirverdiyeva Bakı Slavyan Universitetinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisası üzrə magistr, həmin universitetin “Ümumi pedaqogika, pedagogikanın və təhsilin tarixi” istiqaməti üzrə doktorantura təhsil pilləsinin məzunudur. Hazırda Türkiyə hökumətinin təqaüdü ilə Başkənt Universitetində Təhsilin idarə olunması ixtisası üzrə ikinci doktorantura təhsilini davam etdirir. ABŞ Dövlət Departamentinin təşkil etdiyi “ABŞ-da dərslik və tədris proqramlarının hazırlanması” istiqaməti üzrə təqaüd proqramının məzunudur. Honqkonq, Almaniya, Malta, Avstriya, Türkiyə, Gürcüstan və s. ölkələrdə beynəlxalq təlim və seminarlarda iştirak etmişdir.

Əmək fəaliyyətinə Azərbaycan Respublikasının Təhsil Şurasında ümumi şöbə müdiri və “Təhsil və zaman” qəzetində köşə yazarı olaraq başlamış, daha sonra Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində elmi işçi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Təhsildə İnnovasiyalar Mərkəzində baş mütəxəssis, daha sonra həmin mərkəzin müdiri, AR Təhsil İnstitutunda Psixoloji xidmət şöbəsinin müdiri olaraq çalışmışdır. ADPU-da, ADBTİA-da Təhsilin idarə olunması və Pedaqogika tarixi fənlərini tədris etmişdir.


Beynəlxalq şagird qiymətləndirmə proqramlarına (PIRLS, TIMSS və PISA) hazırlıq və onların təşkili, ümumtəhsil məktəblərində şagird nailiyyətinin qiymətləndirmə müxanizmlərinin, həmçinin mövcud tədrisin məzmununun beynəlxalq qiymətləndirmə tələblərinə uyğun olaraq təkmilləşdirilməsi, ibtidai sinif şagirdlərində oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikalarının hazırlanması, xüsusilə regionlarda çalışan müəllimlərin peşəkarlığının artırılması, gənc müəllimlərə metodiki dəstəyin göstərilməsi, ümumtəhsil müəssisələrində psixoloji xidmət işinin təşkili kimi bir sıra mühüm layihələrə rəhbərlik etmişdir.

İbtidai təhsil səviyyəsi üzrə oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi, simulyativ tapşırıqlar əsasında riyaziyyatın tədrisi və qiymətləndirilməsi kimi bir sıra tədris vəsaitlərinin müəllifi və redaktorudur.

Teqlər: