ADPU-da universitetin 100 illiyi münasibətilə aparıcı media qurumlarının nümayəndələri ilə görüş keçirilib (FOTO)

İyunun 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi ilə əlaqədar universitet rəhbərliyi ölkənin aparıcı media qurumlarının nümayəndələri ilə görüş keçirib.

Görüşün məqsədi media qurumlarını ölkənin yeganə ixtisaslaşmış pedaqoji ali təhsil müəssisəsinin 100 illiyi ilə bağlı görülən işlər, universitetdə tətbiq edilən yeniliklər və qarşıda duran vəzifələrlə tanış etmək, bu sahədə Kütləvi İnformasiya Vasitələri (KİV) ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət imkanlarını müzakirə etməkdir.

İlk olaraq bu yaxınlarda Kəlbəcərdə vəzifə borclarını icra edərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olan jurnalistlərimiz, – Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayaraq Pedaqoji Universitetin 100 illiyi ilə bağlı ölkə prezidenti İlham Əliyevin bu ilin aprelin 17-də sərəncam imzaladığını və burada ADPU-nun zəngin və məhsuldar inkişaf yoluna xüsusilə qiymət verildiyini qeyd edib. Son illər ərzində ali təhsil müəssisəsində bu istiqamətdə görülən işlərdən və aparılan islahatlardan, əldə olunan nəticələrdən danışan rektor hər bir sahədə olduğu kimi pedaqoji təhsilin inkişafında da cəmiyyətin güzgüsü olan medianın rolunu vurğulayıb, təhsil jurnalistikasının ali təhsilin inkişafıyla qarşılıqlı əlaqədə olduğunu bildirib.

Natiq bildirib ki, aparılan ardıcıl islahatlar nəticəsində artıq ötən il universitetdə pedaqoji ali təhsilin bütünlükdə tədris proqramı və planları yenidən işlənərək təstiq olunub, bütün pedaqoji ixtisaslarda inklüziv təhsil və STEM fənlərinin tədrisinə başlanılıb, artıq 2021-2022-ci tədris ilinin qəbul planında bakalavriat pilləsində ADPU və filiallar üzrə yeni ixtisasların daxil edilib, ilk dəfə bu ildən riyaziyyat müəllimliyi və ibtidai sinif müəllimliyi ixtisasları üzrə ingilis bölməsi üzrə də qəbul aparılacaq. Bu vaxta qədər ADPU-da Azərbaycan və rus bölmələri fəaliyyət göstərirdi. İlk dəfə magistratura üzrə pedaqogika ixtisaslaşması üzrə SABAH magistraturası və MBA ixtisaslaşması üzrə qəbul aparılacaq. Artıq ötən ildən etibarən ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə magistratura səviyyəsində Təhsil ixtisası üzrə həyata keçirilən beynəlxalq ikili Diplom Proqramına bu il də dövlət hesabına qəbul həyata keçiriləcək.

Həmçinin son 1 il yarımda qlobal koronavirus pandemiyası səbəbindən təhsilin tamamən distant formata keçirilməsi ilə bağlı ADPU da öz imkanları çərçivəsində olduqca adekvat reaksiya göstərib və təhsilin fasiləsizliyini təmin edib.

Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev universitetin 100 illiyi ilə bağlı görülən bəzi işlər haqqında qısa təqdimatla çıxış edib, media nümayəndələrinə universitetin 100 illiyi münasibəti ilə nəşr olunan bəzi çap məhsullarının siqnal nüsxələri təqdim edilib. Daha sonra ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanan ADPU fanıtım filmi nümayiş olunub.

Daha sonra jurnalistlərin sualları əsasında pedaqoji təhsilin inkişafı və yeniliklərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələrdə müvafiq olaraq universitetin rektoru, tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov Vətən müharibəsi iştirakçıları olan tələbələrə qayğı, işğaldan azad olunan bölgələrdə təhsil quruculuğunda Pedaqoji Universitetin rolu, yeni dövrün təhsil trendləri, bakalavriat, magistratura səviyyəsində tətbiq edilən yeniliklərlə bağlı jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, görüşdə Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC, TREND İnformasiya Agentliyi, Report İnformasiya Agentliyi, APA İnformasiya Agentliyi, Türküstan İnformasiya Agentliyi, AZpress İnformasiya Agentliyi, Azxeber.com xəbər portalı, Editor İnformasiya Agentliyi, Təhsil.biz xəbər portalı, Məktəb Guşəsi təhsil portalı, Azərbaycan Universitetləri səhifəsinin və digər xəbər saytlarının nümayəndələri, universitetin rektoru, prorektorları, müvafiq struktur rəhbərləri iştirak edib.

ADPU-nun tanıtım filmi ilə aşağıda tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=muAsMJVa-FI&t=542s

Teqlər: