Martın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və
Coğrafiya fakültəsində Şah İsmayıl Xətainin anadan olmasının 535
illiyinə həsr olunmuş “Qış getdi, yenə bahar gəldi: Şah İsmayıl
Xətai – 535” adlı yubiley tədbiri keçirildi.
AzerTimes-a verilən məlumata
görə, tədbiri giriş sözü ilə açan ADPU-nun “Azərbaycan tarixi”
kafedrasının müdiri dosent Naibə Əhmədova Şah İsmayıl Xətainin
Azərbaycan dövlətçilik tarixində böyük xidmətləri olan görkəmli
şəxsiyyət olduğun vurğulayaraq, dahi Azərbaycan hökmdarının Novruz
bayramı ilə bağlı yazdığı “Bahariyyə” şerinin milli-mənəvi
dəyərlərimizin tərkib hissəsi olduğunu qeyd etdi.
Məhz bu anlamda tədbirin “Qış getdi, yenə bahar gəldi: Şah
İsmayıl Xətai – 535” adlanmasının bir milli-mənəvi mahiyyət
daşıdığını ifadə etdi. Tədbirdə çıxış edən ADPU-nun rektoru,
professor Cəfər Cəfərov Azərbaycan Səfəvi dövlətinin banisi Şah
İsmayıl Səfəvinin dövlətçilik tariximizdə oynadığı rolu xüsusilə
vurğulayaraq, gənclərə və tələbələrə bu dahi şəxsiyyətin siyasi və
mədəni irsini dərindən öyrənməyi tövsiyyə etdi. Yubiley tədbirində
“Azərbaycan dövlətçilik tarixində Şah İsmayıl Səfəvinin rolu” adlı
elmi məruzə ilə çıxış edən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi
işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı tarixi qaynaqlar əsasında
Azərbaycan Səfəvi dövlətinin etno-siyasi, dini-ideoloji və mədəni
həyatı haqqında olduqca əhəmiyyətli məlumatları iştirakçıların
diqqətinə çatdırdı. Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Qədim Qubadov “Şah
İsmayıl Xətainin bədii yaradıcılığı” adlı elmi məruzə ilə çıxış
edərək Şah İsmayıl Xətai şəxsiyyətinin Azərbaycan ədəbiyyatında
yeri və rolu haqqında ətraflı məlumat verdi. Naxçıvan Dövlət
Universitetinin dissertantı Ləman Osmanova “Şah İsmayıl Xətainin
“Bahariyyə”sinin ürfani mahiyyəti” adlı elmi məruzəsində Şah
İsmayılın irfanı düşüncəsinin ədəbi mahiyyətin şərh etdi. Tədbirin
ədəbi hissəsində ADPU-nun IV kurs tələbələri Bilqeyis Abbasova və
Pərvin Əmirova Şah İsmayıl Xətai “Divanı”ndan parçaları
iştirakçıların diqqətinə çatdırdılar. Tədbirin sonunda Azərbaycan
Milli Konservatoriyasının dosenti, ozan-aşıq Fəxrəddin Salim Şah
Xətai türküləri ilə iştirakçıların mənəvi dünyasına bir daha nüfuz
etdi.