Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) MBA (Təhsilin
təşkili və idarə edilməsi) ixtisaslaşmasının magistrantları ilə
“Təhsil liderliyi – xarakter, yoxsa vəzifə” mövzusunda dərs-görüş
keçirilib.
ADPU-nun Tədris departamentinin direktor müavini, Təhsil
menecmenti kafedrasının dosenti Ənvər İmanov tərəfindən təşkil
olunan dərs-görüşdə “AAAF Holdinq”in vitse-prezidenti, biznes
konsultant və peşəkar təlimçi Fəxri Ağayev və onun komandasının
üzvləri, ADPU-nun baza məktəbi, – M.Rahim adına 7 nömrəlitam orta
məktəbin direktoru vəzifəsini icra edən Könül Təhməzova, habelə
magistrantlar iştirak ediblər,
Dərsə giriş sözü ilə başlayan dos. Ə.İmanov qonaqları və
magistrantları salamlayaraq bildirdi ki, Pedaqoji Universitetdə
ölkədə ilk dəfə olaraq cari ildə “MBA – Biznesin təşkili və idarə
olunması” ixtisasının “Təhsilin təşkili və idarə edilməsi”
ixtisaslaşması üzrə magistraturaya qəbul aparılıb. O bildirib ki,
bugünkü dərs-görüş də məhz həmin ixtisaslaşmada tədris olunan
Təhsildə liderlik kursu çərçivəsində idarəetmə sahəsində tanınmış
mütəxəssislərin iştirakı ilə həyata keçirilir.
Ə.İmanov bildirib ki, bu mövzu üzrə görüşün may ayının 10-da
keçirilməsi təsadüfi deyildir. Bu gün ulu öndərimiz Heydər Əliyevin
doğum günüdür. Ulu Heydər Əliyev öz həyatı və fəaliyyəti ilə bizə
əsl liderlik nümunəsini irs qoymuşdur. Ulu öndər özünün
ideya-siyasi fəaliyyəti, iqtisadi təfəkkürü, vətənpərvərlik və
azərbaycançılıq məfkurəsi ilə liderlik nümunəsi olmuşdur.
Peşəkar təlimçi Fəxri Ağayev öz təqdimatında idarəetmə
məsələlərində peşəkar yanaşmalar və şəxsi təcrübəsi əsasında
magistrtantlarla uğurlu karyera quruculuğu haqqında geniş
diskussiya apardı.
O, qeyd etdi ki, uğurlu karyeraya gedən yolda ali təhsillə
yanaşı şəxsi keyfiyyətlər, sosial bacarıqlar, ünsiyyət və danışıq
qabiliyyəti də çox böyük əhəmiyyət kəsb edir. Onlar ali təhsilin
bitməsi ilə də durmamalı, daim inkişafda olmalıdırlar. Bunun üçün
ilk növbədə kitab mütaliəsini özlərinin gündəlik ehtiyacları kimi
müəyyənləşdirməlidirlər.
Təlimçi magistrantlara müraciətlə bildirib ki, çalışdıqca,
liderlik bacarıqlarının anadangəlmə olmadığını, ancaq zaman
keçdikcə təlim, qavrayış, bilik, bacarıq, səriştə və təcrübə ilə
öyrənilməli olduğunu aydın şəkildə görəcəksiniz. Zamanla dedikdə,
həqiqətən bir ömür boyu nəzərdə tutulur. Çünki uğurlu insanlar
öyrənməyi dayanıqlı olaraq davam etdirməlidirlər.
Dərs-görüşün davamında “Azersun Holding”in bölmə rəisi İlqar
Kərimov, “Azrib” şirkətinin satış direktorunun müavini Zəka
Cəmilov, “Aztrade Company”in təsisçisi Röyal Umudov, SOCAR-ın
əməkdaşı Ramin Quliyev, AROC LLC-nin sahə rəisi Ruslan İsmayılov, 7
nömrəli məktəbin direktoru Könül Təhməzova da öz idarəçilik
karyeralarında qazandıqları bilik və təcrübələrini magistrantlarla
bölüşüblər.
Təqdimatlardan sonra ekspertlər uğurlu karyera quruculuğu
mövzusunda magistrantları maraqlandıran sualları
cavablandırıblar.