Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura
və doktorantura şöbəsinin və Məkətəbəqədər təhsil fakültəsinin
Xüsusi təhsil kafedrasının birgə təşkilatçılığı ilə “Dost xromosom
saymaz” adlı elmi seminar keçirilib. Seminarda professor-müəllim
heyəti, magistrantlar, tələbələr, daun sindromlu uşaqlar və onların
valideynləri iştirak ediblər.
Tədbri giriş sözü ilə açan Xüsusi təhsil kafedrasının müdiri
dosent Nailə Hüseynova və Magistratura və doktorantura şöbəsinin
müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov “21 mart
Ümumdünya Daun Maarifləndirmə Günü”nə həsr olunmuş elmi seminarın
təşkilinin əsas məqsədi, ölkəmizdə və dünyada bu sahədə aparılan
tədqiqatların nəticələrinin faydaları haqqında danışıblar.
Dövlətimizin, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın sağlamlıq imkanları məhdud, o cümlədən daun
sindromlu uşaqlara xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb.
Yeni metodlar vasitəsilə müxtəlif bacarıqların mənimsənilməsinə
kömək etmək, daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyasına
yardım etmək məqsədi daşıyan tədbirin təşkilinə şərait yaratdığına
görə universitet rəhbərliyinə təşəkkür bildirilib.
Magistratura və doktorantura şöbəsinin Korreksiyaedici təlimin
metodikası və metodologiyası ixtisaslaşması üzrə II tədris ili
magistrantları daun sindromlu şəxslərlə bağlı araşdırdıqları bir
sıra məsələlərə dair məruzə ediblər. Elmi seminarın əvvəlində
magistrant Qəhrəmanova Sevda daun sindromu haqqında, bu məsələyə
xüsusi günün həsr olunması və onun dünya ölkələri tərəfindən qeyd
olunma tarixi ilə bağlı məruzə edib.
Daha sonra Magistrant Mehdiyeva Nazpəri “Daun sindromlu
şəxslərin bətindaxili diaqnostikası”, Kərimova Jalə “Daun sindromlu
uşaqların əqli inkişafının xüsusiyyətləri”, Mustafayeva Tellixanım
“Daun sindromlu uşaqlarda nitqin inkişaf xüsusiyyətləri”, Quliyeva
Samirə “Eşitmə patologiyası olan daun sindromlu uşaqlarda autizm
əlamətləri”, Məmişov Daşqın “Daun sindromlu uşaqlarla aparılan
korreksiya işinin istiqamətləri”, Əhmədli Nərgiz “Daun sindromlu
uşaqlarda kiçik motor bacarıqlarının art terapiya ilə inkişafı”,
Abdullazadə Günel “Daun sindromlu uşaqların sosial adaptasiyası və
müvəffəqiyyət qazanmış daun sindromlu şəxslər”, Cabbarova Məleykə
“Daun sindromlu uşaqlarda qidalanma”, İmanova Sevil “Daun sindromlu
uşaqların ailələrinə dəstək” mövzusunda slayd təqdimatları ilə
geniş məruzə ediblər. Araşdırılan bu məsələlərdə daun sindromlu
uşaqların ilkin diaqnostikası, qidalanma prosesi, korreksiya və
reabilitasiya işinin istiqamətləri, valideynlərlə münasibət və
onların sosial adaptasiyası məsələləri ilə bağlı tövsiyələr
verilib.
Tədbir boyunca daun sindromu haqqında və Azərbaycanda daun
sindromlu şəxslərin müxtəlif sahələrdə inkişafını təmin edən Daun
Assosasiyasının fəaliyyəti ilə bağlı videoçarxlar da nümayiş
olunub, iştirakçılara maarifləndirici bukletlər paylanılıb.
Tədbirin sonunda valideynlərin fikirləri dinlənilib, iştirak edən
daun sindromlu uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkili
çəkilib.