ADPU-da “Bu gün təhsildə nələr dəyişməlidir” mövzusunda dəyirmi masa (FOTO)

Martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Təhsil Nazirliyi (TN) yanında İctimai Şuranın “Bu gün təhsildə nələr dəyişməlidir” mövzusunda dəyirmi masası keçirilib. Dəyirmi masada ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tədris departmentinin müdiri, dosent Sənan Əliyev, təhsil nazirinin müşaviri Elnur Nəsibov, İctimai Şuranın sədri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, şuranın üzvləri, millət vəkili Etibar Əliyev və ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru, dosent İsrayil İsgəndərov iştirak edib.

Giriş sözü ilə çıxış edən prof. C.Cəfərov qonaqları salamlayaraq bu dəyirmi masanın əhəmiyyətindən söz açıb. Rektor çıxışında ADPU-da son 5 ildə aparılan islahatlar və keyfiyyət dəyişikliklərindən danışaraq bu müddətdə ADPU tələbələrinin yüksək akademik göstəricilərindən, universitet məzunlarının müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında əldə etdikləri yüksək nəticələrlər haqda statistik məlumatları dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin ADPU-nun 100 ilin elm məbədi kimi ölkənin təhsil və pedaqoji sferasında oynadığı rolu xüsusi vurğulayaraq hazırda özünün Bakıdakı 4 kampusu və bölgələrdəki 5 filialı ilə demək olar ki, bütün ölkəni əhatə edən böyük şəbəkəyə malik olmasını qeyd edib. 100 ilin ənənələrinin müasir dövrün tələblərinə uyğun yaşadılması və ADPU-nun tədqiqat universitetinə çevrilməsi üçün aparılan sistemli işlərdən bəhs edən rektor son zamanlar universitetdə inzibati və pedaqoji vəzifələrin tutulmasında şəffaf seçkilər üsulunun tətbiq edildiyini vurğulayıb.

Prof. C.Cəfərov o cümlədən pandemiya dövründə son bir il ərzində ADPU-da tədrisin məsafədən təşkili ilə bağlı görülən işlər və tədrisin rəqəmsallaşdırılması sahəsində əldə olunan uğurlardan danışıb.

Çıxış edən prof. Ş.Əsgərov İctimai Şura adından belə bir görüşün təşkilinə şərait yaratdığı üçün ADPU rəhbərliyinə öz minnətdarlığını bildirib, bu tip tədbirlərin digər ali təhsil müəssisələrində də keçirilməsinin vacibliyindən danışıb. O, pandemiya dövründə təhsilin bütün səviyyə və pillələrində yaranan məcburi dəyişikliklərdən söz açaraq ADPU-nun bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd edib, rektora universitetdə aparılan islahatlarla bağlı ətraflı məlumat üçün minnətdarığını ifadə edib. ADPU-nun müəllim-tələbə münasibətlərinin qurulmasındakı yeni yanaşmalarının faydasından danışıb. O, şura ilə ADPU arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq gələcəkdə bu əməkdaşlığı genişləndirmək üçün perspektivlərdən danışaraq öz təkliflərini verib.

Nazir müşaviri E.Nəsibov öz çıxışında ADPU-nun müəllim hazırlığındakı aparıcı rolundan söz açaraq rektorun qeyd etdiyi kimi son dövrlərdə aparılan islahatlar nəticəsində universitetin məzunlarının əmək bazarında özünü yüksək səviyyədə realizə etdiklərini vurğulayıb. O, həmçinin, hazırda təhsil sahəsində gedən qlobal dəyişikliklərdən, bu sahədə Azərbaycan dövlətinin strateji yanaşması və təhsilə dair dövlət proqramları haqqında məlumat verib. Son bir ildə pandemiya ilə bağlı yaranan yeni situasiyada distant təhsil texnologiyalarının tətbiqi məsələlərindən danışıb. E.Nəsibov həmçinin nazirliyin fəaliyyətində ictimai rəyin nəzərə alınması və bir çox başqa aspektdən İctimai Şuranın mühüm rol oynadığını vurğulayıb, şura və ADPU-nun birgə təşkil etdiyi bugünkü tədbirin əhəmiyyətindən söz açıb.


Daha sonra İctimai Şuranın üzvləri, universitet nümayəndələri mövzu ətrafında çıxışlar edib, dəyirmi masa müzakirələrlə davam edib.

Sonda ADPU-nun rektoru, prof. C.Cəfərov yekun sözü ilə çıxış edərək məhsuldar müzakirələrə görə bütün iştirakçılara təşəkkürünü bildirərək ümumi orta,orta ixtisas və ali təhsilin spesifik məsələləri ilə bağlı səslənən bütün təkliflərin qeydə alındığını və gələcək fəaliyyətlərdə nəzərə alınacağını diqqətə çatdırıb. İctimai Şura ilə əməkdaşlıqdan öz məmnunluğunu ifadə edib.

İctimai Şuranın sədri, prof. Ş.Əsgərov da yaradılan şəraitə və səmərəli müzakirələrə görə ADPU rəhbərliyinə öz təşəkkürünü bildirib.

Dəyirmi masanın sonunda rektor, prof. C.Cəfərov və İctimai Şura üzvlərinə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının döş nişanları təqdim edilib.

Teqlər: