ADPU-da “Beynəlxalq məktəblərdə coğrafiya tədrisi” mövzusunda seminar keçirilib (FOTO)

Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrası ilə Magistratura və doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə universitetin coğrafiyanın tədrisi metodikası üzrə təhsil alan birinci və ikinci kurs magistrantları üçün “Beynəlxalq məktəblərdə coğrafiya tədrisi” mövzusunda seminar keçirilib. Seminarı açan kafedra müdiri dosent Oqtay Alxasov bildirib ki, gənc metodist tədqiqatçıların coğrafiya tədrisi sahəsində müxtəlif, eləcə də beynəlxalq təcrübəni öyrənmələri olduqca vacibdir. Bu istiqamətdə ardıcıl iş aparan Pedaqoji Universitet magistrantların sahənin tanınmış mütəxəssisləri ilə görüşlərinə xüsusi önəm verir.

Seminarda Mülki Aviasiya Agentliyinin əməkdaşı, beynəlxalq fənn olimpiadalarının keçirilməsi üzrə mütəxəssis və beynəlxalq təhsil eksperti, ADPU-nun coğrafiya müəllimliyi ixtisasının məzunu Elnur Osmanov magistrantlara beynəlxalq məktəblərdə coğrafiya fənninin tədrisi proqramları və sillabusları haqqında ətraflı məlumat verib. Bu sahədə dünyaca tanınan Kembric Universitetinin sillabusu və “İnternational Bachelor” (İB) proqramının strukturu barədə danışaraq bu proqramlar üzrə coğrafiya tədrisinin əsas üstünlüyünün dəqiq müəyyən olunmuş mərhələlər üzrə əsasən praktik və tədqiqatyönümlü aparıldığını bildirib.

Qeyd edək ki, bu proqramlar üzrə təhsil alan şagirdlər əldə etdikləri sertifikartlar əsasında dünyanın əksər ali təhsil müəssisələrinə birbaşa müraciət imkanı qazanırlar.

Seminar magistrantları maraqlandıran suallar ətrafında davam etdirilib.

Teqlər: