ADNSU-nun şəhid olmuş məzunlarının ailələri Novruz bayramı ərəfəsində ziyarət olunub (FOTO)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)
əməkdaşları Novruz bayramı münasibəti ilə 44 günlük Vətən
müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarının ailələrini
ziyarət ediblər.

Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində – Qazax,
Ağstafa, Şəki, Oğuz, Neftçala və digər rayonlarda şəhid ailələrini
ziyarət etmiş nümayəndə heyəti Vətən uğrunda canlarından keçmiş
ADNSU məzunlarının ailələrinə rektor, professor Mustafa Babanlının
salam və ehtiramını çatdırıb, onlara universitetdə şəhidlərin
xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən
danışıb. Bu görüşlərdə ADNSU-da şəhid olmuş məzunların xatirəsinə
həsr olunmuş abidənin universitetdə təhsil alan tələbələrə
vətənpərvərlik hislərinin aşılanmasında mühüm rolu olduğu qeyd
olunub. Növbəti tədris ilinin əvvəlinədək ADNSU-nun şəhid olmuş
məzunlarının adına auditoriyaların açılmasının planlaşdırıldığı
vurğulanıb. Bildirilib ki, universitet müntəzəm olaraq ADNSU-nun
qəhrəman məzunlarının ailələri ilə sıx təmas saxlayacaq, onların
problemlərinin həllinə kömək edəcək.

ADNSU-da keçirilən hərbi-vətənpərvərlik mövzusunda tədbirlərdə
şəhid ailələrinin daim arzuolunan qonaq olacaqları qeyd olunub və
bildirilib ki, rektor Mustafa Babanlının tapşırığı ilə hər il
Novruz bayramı ərəfəsində qəhrəmanların ailələri ziyarət
olunacaq.

Sonra ADNSU-nun nümayəndə heyəti şəhid ailələrinə bayram
sovqatını təqdim edib.
44 günlük Vətən müharibəsində ADNSU-nun 23 məzunu ölkəmizin ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdən qəhrəmanlıqla döyüşərək
şəhidlik zirvəsinə ucalıb.

Teqlər: