ADNSU-nun rektoru Strasburq universitetində təhsillərini davam etdirəcək tələbələrlə görüşüb (FOTO)

İyulun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru prof. Mustafa Babanlı təhsini Strasburq Universitetində davam etdirəcək UFAZ-ın magistratura pilləsinin 5 tələbəsi ilə görüşüb.

ADNSU-dan AzerTimes-a verilən məlumata görə, görüşdə UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov və ADNSU-nun Marketinq və İctimayətlə Əlaqələr Departamentinin direktoru Bəhruz Nəzərov da iştirak ediblər.

ADNSU nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Fiziki Kimya və Kimya Mühəndisliyi üzrə Magistratura pilləsinin 5 tələbəsi: Fərəh Əsgərxanova, Hafiz Qəhrəmanov, Aytac Adilova, İsmayıl Əlizadə və Aynur Nağızadə magistraturanın 2-ci kursunda təhsillərini Fransanın Strasburq Universitetində davam etdirəcək.

Fransada təhsillərini davam etdirəcək tələbələrimiz magistraturanın 1-ci kursunda yüksək nəticələr əldə ediblər və Strasburq Universitetindəki proqram rəhbərləri tərəfindən seçiliblər.

Fərəh Əsgərxanova və Hafiz Qəhrəmanov Kimioinformatika üzrə, Aytac Adilova, İsmayıl Əlizadə və Aynur Nağızadə isə Fiziki və Analitik Kimya ixtisasları üzrə təhsillərini davam etdirəcəklər.

Magistrlərlə görüşdə “dəyişən və inkişaf edən dünyada hidrogen enerjisi və alternativ enerjiyə artan marağı” vurğulayan professor Mustafa Babanlı bütün bunların əsasında kimya elminin mühüm rol oynadığını bildirib. Sizin təhsil alacağınız ixtisaslar Azərbaycanda bir ilk olacaq və gələcəkdə bu sahədə yeni imkanlar açacaq – deyə, rektor UFAZ layihəsinin bu mənada əhəmiyyətini vurğulayıb. Strasburqda təhsilləri davam etdiyi müddətdə ADNSU-nun daim onlara dəstək olacağını qeyd edərək tələbələri elmin sirlərini dərindən öyrənməyə səsləyib.

Rektor, həmçinin, təhsillə yanaşı, tələbələrə Fransada olduqları müddətdə ictimai-siyasi və mədəni həyatda da aktiv olmağı tövsiyə edib. Qeyd edib ki, sizlər hər biriniz xarici ölkədə təhsil almaqla bərabər, Vətənimizin təmsilçilərisiniz.

Görüş zamanı maraqla qarışlanan mühüm bir məsələ isə tələbələrin xaricdə müvafiq ixtisaslar üzrə təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdıb burada pedaqoji və elmi fəaliyyətlə məşğul olmaları, təhsillərini daha yuxarı pillələrdə davam etdirmələri və ixtisaslı mütəxəssis kimi xalqına xidmət etmələri ilə bağlı olub.

Sonra Azərbaycan-Fransız Universitetinin İcraçı direktoru Vazeh Əskərov UFAZ və tələbələr adından rektora təşəkkür edərək UFAZA göstərdiyi dəstəyə və diqqətə görə minnətdarlığını bildirib.

Çıxış edən tələbələr onlara yaradılan bu fürsətdən maksimum faydalanacaqlarını deyib, razılıqlarını bildiriblər.

Sonra rektor tələbələri maraqlandıran sualları cavablandırıb və yarana biləcək texniki və təhsillə bağlı məsələlərin həllində ADNSU-nun onlara kömək edəcəyini bildirib.

Yekunda Mustafa Babanlı tələbələrlə xatirə şakli çəkdirib və onlara uğurlar arzulayıb.

UFAZ 2021-22-ci tədris ilinin 2-ci semestrində magistratura pilləsinin 2-ci kursunda oxuyan daha bir neçə tələbəsini Strasburq Universitetinə təhsillərini davam etdirmək üçün göndərməyi planlaşdırır.

Teqlər: