Mayın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) “NetСad” şirkəti ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı,
universitetin nəzdində “Neftin, qazın geotexnoloji problemləri və
kimya” Elmi-Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, Elmi
işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Geoloji
kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev, həmçinin “NetCad” şirkətinin baş icraçı direktoru Bahadır İlgac və nümayəndə
heyəti iştirak ediblər.
“NetCad” şirkətinin baş icraçı direktoru Bahadır İlgac şirkət
haqqında təqdimatla çıxış edib. Şirkətin gördüyü işlər və həllər
haqqında ümumi məlumat verib.
Şirkətin Strategiya və Biznes Tərəfdaşlıqları şöbəsinin baş
direktoru Banu İlker, menecer Sercan Demirel şirkət haqqında
iştirakçılara ətraflı məlumat verib, məhsullar, texnologiya və
innovativ layihələr haqqında geniş təqdimatla çıxış ediblər.
Şirkətlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin olduğunu deyən
rektor, professor M.Babanlı bu əməkdaşlıqdan məmnunluğunu ifadə
edib və gələcək perspektivlərə hesablanmış bütün layihələrdə birgə
iş aparılmasının önəmini vurğulayıb.
91 ölkə ilə əməkdaşlıq əlaqələrinin olduğunu deyən “NetCad”
şirkətinin baş icraçı direktoru B.İlgac birgə akademik işbirliyinin
əhəmiyyətindən danışıb və univeristetlə müxtəlif istiqamətlərdə
əməkdaşlığa hazır olduqlarını deyib.
Sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, memoranduma əsasən, 2022/2023-cü tədris ilindən
Geoloji-kəşfiyyat fakültəsinin 4-cü kurs tələbələrinə “NetCad”
şirkətinin proqramları çərçivəsində təlimlərdə iştirak etmiş ADNSU
müəllimləri tərəfindən tədris planına uyğun olaraq proqramlaşdırma
ilə bağlı dərslər keçiriləcək.