Sentyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının dəstək verdiyi İsrail-Azərbaycan Təlim Mərkəzində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün təşkil olunan ilk təlimlərə başlanıb. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında “Peşəkar” layihəsi çərçivəsində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə həyata keçirilir.
ADNSU-dan AzerTimes-a bildirilib ki, təlimlərin açılışına həsr olunmuş görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli həmçinin Vətən müharibəsi iştirakçılarının və şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və digər qonaqlar iştirak ediblər.
İsrail-Azərbaycan Təlim Mərkəzinin baş meneceri Rasim Abdullayev tədbir iştirakçılarına layihə haqqında məlumat verib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri M.Abbasbəyli əmək bazarının tələb mexanizmlərinə uyğun olaraq yaradılan təlim mərkəzində İT sahəsi üzrə biliklərin yüksək əhəmiyyət kəsb etdiyini deyib və layihənin perspektivlərindən danışıb.
ADNSU-da bu cür yüksək səviyyəli İT kurslarının təşkili üçün göstərilən etimada və əməkdaşlığa görə tərəfdaşlara dərin təşəkkürünü bildirən rektor, professor M.Babanlı Vətən müharibəsi iştirakçıları və onların ailələrinin bilik və bacarıqlarının inkişafına, eləcə də iş imkanlarının genişlənməsinə xidmət edən belə bir layihənin ADNSU-da həyata keçirilməsindən məmnun olduğunu qeyd edib.
Qeyd edək ki, “Peşəkar” layihəsi çərçivəsində ilk belə əməkdaşlıq ADNSU-da həyata keçirilir. Layihə çərçivəsində qeydiyyatdan keçən 250-dən çox namizəddən birinci mərhələ üçün 55 nəfəri seçilərək 4 istiqamətdə təlimlərə start verilib. 6 aylıq kurs müddətində benefisiarlara İT sahəsi üzrə müvafiq biliklər tədris olunacaq. Layihə çərçivəsində iştirakçılara cəmiyyətə inteqrasiya olunmaları üçün sosial adaptasiya mövzusunda qısa müddətli təlimlərin də keçirilməsi nəzərdə tutulub. Kursu müvəffəqiyyətlə bitirən şəxslərə Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək və işlə təmin olunmalarına dəstək göstəriləcək.