Aprelin 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə İsrail
Azərbaycan Təlim Mərkəzinin “Code for future” təqaüd proqramlarının
açılış mərasimi keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Təhsil
Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə
Heyətinin sədri Ülkər Səttarova, prorektorlar, universitetin
professor-müəllim heyəti, həmçinin Rektorun İT və innovasiyalar
üzrə müşaviri Rasim Abdullayev, əməkdaşlar və tələbələr iştirak
ediblər.
Universitetdə İT sahəsində müxtəlif layihələrin həyata
keçirildiyini deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı
“code for future” proqramlarının universitet üçün xüsusi önəm
daşıdığını bildirib.
Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin
İdarə Heyətinin sədri Ü.Səttarova layihənin ADNSU-da həyata
keçirilməsinin universitet tərəfindən İT sahəsinə və gənclərin İT
biliklərinin artırılmasına göstərilən böyük diqqət kimi
qiymətləndirib və bu səbədən də proqramın məhz ADNSU ilə birgə
həyata keçirildiyini deyib.
Rektorun İT və innovasiyalar üzrə müşaviri R.Abdullayev təqaüd
proqramı haqqında məlumat verərək qeydiyyatın başa çatdığını və
artıq 90 nəfər tələbənin təqaüd üçün seçildiyini deyib.
İsrail Azərbaycan Təlim Mərkəzinin koordinatoru Gülmira
İsgəndərzadə “Code for future” təqaüd proqramları ilə bağlı
təqdimatla çıxış edərək tədris olunacaq kurslar, proqramın məqsədi
və qeydiyyat prosesi haqqında tədbir iştirakçılarına ətraflı
məlumat verib.
Qeyd edək ki, Təhsil nazirliyinin təşəbbüsü ilə İsrail
Azərbaycan Təlim Mərkəzinə təqaüd proqramına müraciət edən 1039
nəfər tələbədən 90 nəfər tələbə təqaüd üçün seçilib. Tələbələr üçün
3 istiqamət üzrə UI/UX, Full/Stack və DevOps kusrları üzrə həftədə
3 dəfə 3 saat tədris aparılacaq.