ADNSU-da əyani təhsilə start verilib (FOTO)

Azərbaycanda sentyabrın 29-dan etibarən ali məktəblərdə, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) karantin rejimi qaydalarının gözlənilməsi ilə ənənəvi – əyani təhsilə start verilib. Tələbələrin universitetə giriş-çıxışı zamanı sıxlığın qarşısını almaq məqsədi ilə universitetin korpuslarında 5 alternativ giriş-çıxış fəaliyyət göstərir.

Hər bir girişdə dezinfeksiya sistemi – həcmli dezinfeksiya qövsü quraşdırılıb, avtomat rejimdə fəaliyyət göstərən bu sistem vasitəsi ilə universitetə daxil olan hər kəs dezinfeksiya olunur. Bundan əlavə, termovizorlar – hərarəti özü ölçən cihazlar vasitəsi ilə universitetin inzibati binasına daxil olan bütün əməkdaş və tələbələrin hərarəti ölçülür. Termovizor normadan yuxarı hərarəti olanları müəyyən edərək dərhal sistemə ötürə bilir.

Tədrisin karantin rejimi qaydalarına əsasən təşkili məqsədilə dərslərdə auditoriyaların tutumunun 70%-dək tələbənin iştirakı təmin olunub. Digər tələbələr dərslərdə onlayn olaraq iştirak edir. Auditoriyalarda xüsusi olaraq quraşdırılmış yüksək keyfiyyətli audio-video vasitələr tələbələrin onlayn formatda belə dərslərdə maksimal dərəcədə canlı iştirakı effektini yaradır. Hər bir tələbənin əyani və onlayn dərslərdə bərabər qaydada iştirakını təmin etmək məqsədilə tələbələrin dərslərdə əyani və ya onlayn formatda iştirakı alt-üst həftələr üzlə müəyyən edilib. Bu qayda 15 nəfərdən az olan qruplara şamil olunmur. Eyni zamanda dərslər arasında fasilə zamanı tələbələrin yerdəyişmələrinin intensivliyini və dəhlizlərdə sıxlıq yaranmaması məqsədilə tələbələrin gün ərzinidə bütün dərsləri eyni otaqlarda keçməsi və müəllimlərin auditoriyalara gəlməsi nəzərdə tutulub.

Bundan əlavə, ADNSU-nun tədris korpsularında hər mərtəbədə səhhətində narahatlıq hiss edə biləcək əməkdaş və tələbələr üçün təcridolunma otaqları ayrılıb, yarana biləcək problemlərin operativ həlli məqsədilə xüsusi işçi qrup fəaliyyət göstərir.

Qeyd edək ki, 2021/2022-ci tədris ilində ADNSU-nun bakalavr təhsil pilləsinə 3166 nəfər (o cümlədən Azərbaycan-Fransız Universitetinə – UFAZ-a 137 nəfər), magistratura təhsil pilləsinə 1250 nəfər (o cümlədən Azərbaycan-Fransız Universitetinə – UFAZ-a 66 nəfər), təkrar ali təhsil almaq üçün universitetin nəzdindəki Sənaye Müəssisələri İşçilərinin İxtisasartırmaq və Yenidən hazırlanma İnstitutunun – SMİİYİ-nin bakalavr pilləsinə 346 nəfər qəbul olub. Hazırda ADNSU-da bütün təhsil pilləri üzrə 16500-dən artıq tələbə təhsil alır, onların təqribən 87% ödənişsiz əsaslarla (dövlət hesabına) təhsil alır.

Teqlər: