Azərbaycanda tələbələr tələbə biletini itirdiyinə görə cərimə ödəyirlər.
AzerTimes xəbər verir ki, bu, bütün ali təhsil ocaqlarına aid deyil. Belə ki, adi tələbə biletinin tətbiq olunduğu universitetlərdə tələbə bileti “köhnə qayda” ilə bərpa olunur.
Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetindən saytımıza bildirildi ki, tələbə biletini itirən tələbə cərimə ödəmir, o, biletin itməsi barədə aidiyyəti dekanlığa məlumat verir. Sonra mətbuat orqanında elan yerləşdirilir və bunun əsasında bilet yenilənir.
Ancaq “smart tələbə bileti” tətbiq edilən universitetlərdə vəziyyət başqa cürdür. Bu kart vasitəsilə tələbələr təqaüdlərini alır, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirirlər.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi smart tələbə kartını, yəni tələbə biletini itirdikdə Kapital Banka 11 manat pul ödəyib, yenidən smart tələbə kartı alır.
Azərbaycan Dillər Universitetində isə smart tələbə kartını itirən tələbə universitetin hesabına 31 manat cərimə ödəyir. Bundan sonra onların smart tələbə kartı bərpa olunur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi isə universitetin hesabına 50 manat ödəməklə smart tələbə kartını yenidən əldə edə bilər.