2021-ci ilin 7 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin gücləndirilməsi yolları” mövzusunda elmi-praktiki seminar keçirilib.
ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və Təhsilin idarə edilməsi fakültəsinin proqram direktoru Saida Nəbiyeva tərəfindən keçirilən seminarda MDU-nun gənc akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan ADA Universitetinin əməkdaşlarını Mingəçevirdə salamlamaqdan məmnunluğunu ifadə edib.
ADA Universiteti ilə işbirliyinin inkişaf etdirilməsinin önəmindən bəhs edən Ş.Bayramov paytaxtın bu nüfuzlu ali təhsil müəssisəsi tərəfindən həyata keçirilən və regionlarda yerləşən universitetlərdə elmi potensialın gücləndirilməsinə hədəflənən “Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsindən söhbət açıb.
Müasir dövrdə universitetlərin əsas missiyalarından birinin səmərəli və nəticəyönümlü elmi-tədqiqat fəaliyyətləri ilə yerləşdikləri regionun inkişafına töhfə vermək olduğunu vurğulayan rektor bu məqsədlə sözügedən layihənin təqdim etdiyi imkanlardan danışıb.
Akademik heyət üzvlərinin və magistrantların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu proqramın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirən Ş.Bayramov əldə edilən bilik və bacarıqların tezliklə universitetdə elmi fəaliyyətin səmərəliliyinin yüksəlməsində özünü doğruldacağına əminliyini söyləyib və seminar iştirakçılarına uğurlar arzulayıb.
Sonra, ADA Universitetinin fakültə dekanı A.Vəliyev “Elmi-tədqiqat işi üçün məlumatların toplanması və təhlili” və proqram direktoru S.Nəbiyeva “Universitetlər arasında birgə elmi-tədqiqat işlərinin təşkili” mövzusunda təqdimatlarla çıxış ediblər. Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışlarla bağlı geniş müzakirələr aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.
Seminarın sonunda cari ilin mart-iyun aylarında ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi və ADA Universitetinin reallaşdırdığı “Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində 10 həftə müdətində keçirilən “Tədqiqat metodları” və “Akademik yazı” kurslarını uğurla başa vurmuş MDU-nun akademik heyət üzvləri və magistrantlarına sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tədrisin keyifiyyətinin yüksəldilməsi ilə yanaşı, elmi fəaliyyətin səmərəliliyinin və nəticəyönümlüyünün artırılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, universitetdə akademik heyət üzvlərinin və gənc tədqiqatçıların tədqiqat bacarıqlarının inkişaf etdirilməsinə müvafiq dəstək göstərilir.