ADA Universitetinin “Bakı Dialoqları” jurnalının payız sayı nəşr edilib

ADA Universitetinin ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının növbəti – payız sayı dərc edilib.

Nəşrdə regional və qlobal miqyasda baş verən proseslərə dair on məqalə əksini tapıb.

Jurnalın Əfqanıstanda cərəyan edən son hadisələrin təhlilinə yönəlmiş ilk bölməsində ABŞ-ın Qazaxıstan və Tacikistandakı sabiq səfiri Riçard Hoqlandın, “Buş Hökumət və Dövlət Xidmətləri Məktəb”nin tədqiqatçısı Edvard Lemonun və ABŞ Ordusunun Hərbi Kollecinin Yaxın Şərq Araşdırmaları üzrə keçmiş direktoru Ceyms Koylın məqalələri çap edilib.

Jurnalın növbəti bölməsində İkinci Qarabağ müharibəsindən sonra münaqişə tərəfləri arasında etimadın yaranması, silahlanmaya nəzarət və ərazilərin minalardan təmizlənməsi üzrə standartlarla bağlı məqalələr yayımlanıb.

Bu bölmədə oxucular Pretoriya Universitetinin (Cənubi Afrika Respublikası) fəxri professoru Stüart Maslenin, Beynəlxalq Minalardan Təmizləmə Standartlarının hazırlanmasında aparıcı ekspertlərdən olan Devid Hevitsonun məqalələrini oxuya bilərlər.

Payız sayının üçüncü bölməsi Cənubi Qafqazın Qarabağ müharibəsi fonunda geosiyasi mənzərəsinin analizinə həsr edilib.

Sonuncu “İran və Cənubi Qafqaz” başlıqlı bölmədə isə İran-Azərbaycan münasibətlərini, etnik və dil mənsubiyyətini araşdıran məqalələr yer alıb.

Keçid vasitəsilə jurnalın yeni sayını oxumaq və ya yükləmək mümkündür: https://bakudialogues.ada.edu.az/

Teqlər: