ADA Universitetində Zəfər Gününə həsr edilmiş “Zəng” filminin təqdimatı olub (FOTO)

Yanvarın 28-i ADA Universitetində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəng” filminin təqdimatı və filmin rejissoru Ruslan Sabirli ilə görüş baş tutub.

Tədbirdə ADA Universiteti Tələbə Xidmətinin rəhbəri, yazıçı Günel Əsgərova çıxış edərək vətənpərvər ruhda filmlərin nümayişinin gənc nəsillər üçün böyük əhəmiyyət daşıdığını bildirib, “Zəng” filminin xalqımızın yaşadığı sevinc və kədərin vəhdətini əks etdirdiyini vurğulayıb.

Filmin nümayişindən sonra filmin rejissoru və ssenari müəllifi Ruslan Sabirli ekran əsərinin yaranma tarixindən bəhs edərək ötürülən mesajlara diqqət çəkib. Tələbələrin suallarını cavablandıran rejissor onlarla səmimi ünsiyyət formatında müzakirələr apararaq bildirib ki, “Zəng” filmi II Qarabağ Müharibəsində qələbə qazanmış əsgərin I Qarabağ Müharibəsində şəhid olmuş atasına qələbə müjdəsi verməsindən bəhs edir. Filmin əsas süjet xəttini “Keçmişlə gələcək arasında ünsiyyət” təşkil edir. Müharibədən qalib çıxmış və gələcəkdə yaşayan gəncin keçmişdə itirdiyi şəhid atası ilə emosional dialoqu filmin diqqətçəkən səhnələrindəndir.


Qeyd edək ki, “Bakcell” şirkətinin dəstəyi ilə ərsəyə gələn filmdə Əməkdar artist Əli Qulu, aktyor Ruslan Sabirli və II Qarabağ Müharibəsi Qazisi Kənan Kazımov rol alıblar. Film I Qarabağ Müharibəsi şəhidləri Kazım İsayev və Elxan İsayevin əziz xatirələrinə ithaf edilib.

Teqlər: