ADA Universitetində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin 100 illik yubileyi münasibətilə “Elm və Texnologiyada yeni trendlər” mövzusunda onlayn mühazirə keçirilib.
ADA Universitetinin rektoru Hafiz Paşayev mühazirədə iştirak edən yüz nəfərdən çox tələbə və elmi-ictimaiyyət nümayəndələrini salamlayıb. Rektor Paşayev Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı xatırladıb. Gəncləri Lütfi Zadə irsini dərindən öyrənməyə səsləyən Rektor Paşayev, ADA Universitetində görkəmli elm xadiminin adına təqaüdün təsis edildiyini və indiyədək 57 tələbənin bu təqaüddən yararlandığını bildirib.
Professor Rafiq Əliyev elmi sələfi Lütfi Zadə ilə birlikdə yazdığı və Lütfi Zadənin sayca ikinci kitabı olan “Qeyri-səlis məntiq –nəzəriyyə və tətbiqetmələr” kitabından bəhs edib. Professor Əliyev bildirib ki, Lütfi Zadənin dünya elmi ictimaiyyətinə təqdim etdiyi və alimin soyadını daşıyan “Z-çevirmə” nəzəriyyəsi müasir rəqəmsal idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını təşkil edir.
Mühazirənin əsas çıxışçılarından Merilend Universitetinin (ABŞ) professoru, akademik Roald Saqdeyev qeyd edib ki, Lütfi Zadənin irəli sürdüyü inqilabi nəzəriyyə riyaziyyat və kibernetika sahəsində yeni bir mərhələnin əsasını qoydu. Akademik bildirib ki, qeyri-səlis məntiq nəzəriyyəsi mücərrədlik və reallıq arasında əlaqə yaratdı, informasiyanın mənasını təsvir etməyi təmin etdi.
Sonda çıxışçılar mühazirə iştirakçılarının suallarını cavablandırıblar.