Aprelin 30-u ADA Universitetində məşhur xeyriyyəçinin adını daşıyan mükafat tələbə icmasının “ən sosial məsuliyyətli vətəndaşları”na təqdim edilib.
Qalib layihələr ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və tədbirin xüsusi qonağı Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev tərəfindən açıqlanıb.
Təqdim edilən on iki layihə arasından beş layihə mükafatlandırılıb. Birinci yeri iki layihə-“Go girl” və “Gizli Azərbaycan” layihələri bölüşüblər.
“Go girl” layihəsinin məqsədi qızları “STEM” (Science – Elm, Technology – Texnologiya, Engineering – Mühəndislik, Math – Riyaziyyat) sahəsi üzrə karyera qurmağa həvəsləndirmək və qızların İnformasiya Texnologiyaları üzrə biliklərini artırmaqdır.
“Gizli Azərbaycan” layihəsinin məqsədi isə Azərbaycanın görməli, lakin az ziyarət edilən məkanlarını tanıtmaq və daxili turizmin inkişafını dəstəkləməkdir.
İkinci yeri “Shape of future” və “Thriving artist” layihələri paylaşıblar. “Shape of future” layihəsinin əsas məqsədi məktəblilərin bilik və bacarıqlarını artırmaq, şagirdləri düzgün peşə seçimi mövzusunda məlumatlandırmaq və onların ingilis dili biliklərini artırmaq üçün ödənişsiz kurslar təşkil etməkdir.
“Thriving artist” layihəsi isə rəssamlıqla məşğul olan gənclər üçün xüsusi onlayn platforma təqdim edir. Bu platforma onlara öz əsərlərini tanıtmaq fürsəti verir.
Üçüncü yerin qalibi “Bir kitab, bir xatirə” layihəsidir. Layihənin əsas məqsədi gənclər arasında oxumağa marağı artırmaqdır. Layihə çərçivəsində Qırx dörd günlük Vətən müharibəsi zamanı şəhid olmuş Məhəmmədəli İbrahimli adına kitab guşəsinin əsası qoyulub.
“Gizli Azərbaycan” layihəsinin komanda üzvü Əli Məmmədov deyib: “Layihəmizi Şuşada davam etdirmək və Şuşanı – öz doğma torpağımızı dünyaya tanıtmaq əsas hədəflərimizdəndir”.
Birinci yeri bölüşən “Go girl” layihəsinin komanda üzvlərindən Məsudə Ömərova deyib:
”Layihə vasitəsilə qadınları da İKT sahəsində karyera qurmağa və bu sahədə daha fəal rol oynamağa səslədik”.
Birinci yerə layiq görülən hər iki layihənin komandasına ayrılıqda 1750 manat, ikinci yeri bölüşən komandalara 1050 manat, 3-cü yerə çıxan layihə komandasına isə 700 manat pul mükafatı təqdim edilib.