ADA Universitetində Əfqanıstanlı diplomatlar üçün “Xarici Siyasət Proqramı” başlayıb (FOTO)

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə ADA Universitetində Əfqanıstanlı diplomatlar üçün nəzərdə tutulmuş “Xarici Siyasət Proqramı” başlayıb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, iki həftə davam edəcək kursun keçirilməsində əsas məqsəd gənc diplomatlara fəaliyyət göstərdikləri sahələr üzrə nəzəri və praktiki biliklərin aşılanması, onlarda idarəçilik və liderlik qabiliyyətini yüksəltməklə ümumilikdə insan kapitalının inkişaf etdirilməsindən ibarətdir.

Kurs dövründə iştirakçılar ADA Universitetinin peşəkar professor-müəllim heyəti, eləcə də dövlət və hökumət qurumlarının təcrübəli mütəxəssislərindən beynəlxalq siyasət, diplomatik fəaliyyət, sosial-iqtisadi, enerji və digər məsələlər üzrə mühüm biliklər əldə edəcəklər. Diplomatlar həmçinin 44 günlük Vətən Müharibəsi dövründə ölkəmizin əldə etdiyi beynəlxalq siyasi və hərbi uğurları, terrorçuluqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi, həyata keçirilmiş iqtisadi inkişaf modeli və yoxsulluğun aradan qaldırılması, korrupsiya ilə mübarizə və effektiv idarəçilik üzrə mühazirələrin dinləyiciləri olacaqlar. İştirakçılar ölkəmizin tarixi, siyasəti, coğrafiyası və mədəniyyəti barədə geniş məlumat əldə edəcəklər. Kursu müvəffəqiyyətlə bitirənlər müvafiq sertifikatlarla təmin olunacaqlar.

Məlumat üçün bildirmək istərdik ki, AIDA-nın ADA Universiteti ilə 2018-ci ildən birgə təşkil etdiyi “Xarici Siyasət Proqramı”nda indiyədək 20-dən artıq İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Beynəlxalq Frankofoniya Təşkilatına üzv olan Asiya və Afrika ölkələrindən 70-yə yaxın diplomat müxtəlif ixtisaslar üzrə biliklər əldə etmiş və hazırda öz ölkələrinin dayanıqlı inkişafında yaxından iştirak etməklə yanaşı, vətənləri ilə Azərbaycan arasında da etibarlı və dost körpü rolunu oynayırlar.

Teqlər: