ADA Universiteti və XİN-in birgə təşkil etdiyi “Xəzər Hövzəsi Araşdırmaları Proqramı” başa çatıb (FOTO)

ADA Universitetinin İxtisasartırma Proqramları və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin 13-20 noyabr tarixlərində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları Proqramı” uğurla başa çatıb.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk dəfə Universitetin kampusunda təşkil edilən Proqram 19 ölkədə fəaliyyət göstərən universitet və beyin mərkəzini təmsil edən tədqiqatçı və diplomatlardan ibarət 21 iştirakçını bir araya gətirib.

Proqram ADA Universitetinin idarəetmə və professor-müəllim heyətinin üzvləri, Azərbaycanın dövlət qurumlarının yüksək rütbəli məmur və diplomatları, o cümlədən, xarici ekspertlər tərəfindən tədris edilib.

Proqramın açılışında ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva azərbaycanlı və xarici diplomatlar üçün təşkil edilən “Xarici Siyasət Proqramı”, eləcə də “Xəzər Hövzəsi Araşdırmaları Proqramı”nı təqdim edib. A. Hacıyeva əlavə edib ki, ötən 10 il ərzində “Xəzər Hövzəsi Araşdırmaları Proqramı”nda 104 ölkəni təmsil edən 221 diplomat və dövlət qulluqçusu müvəffəqiyyətlə iştirak ediblər.

Proqram çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov çıxış edərək ikinci Qarabağ müharibəsinin regiona təsirləri, buradakı bərpa və yenidənqurma işləri və ərazilərin minalardan təmizlənməsi, habelə iki ölkə arasındakı sülh quruculuğu prosesi ilə bağlı xarici iştirakçıları məlumatlandırıblar. Qonaq çıxışçılar işğaldan azad edilmiş ərazilərdə icrası nəzərdə tutulan “ağıllı kənd” və “ağıllı şəhər” layihələrindən bəhs ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda çıxış edərək məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz şəraitdə yaşamaları üçün hazırda müvafiq tədbirlərin həyata keçirildiyini deyib.

Proqrama qoşulanlar 44 günlük Vətən müharibəsi fonunda Xəzər hövzəsində baş verən tarixi yeniliklər, regionun geosiyasi və iqtisadi mühitində özünü biruzə verən dəyişikliklər, həmçinin məcburi köçkünlərin Qarabağa qayıdışı mövzularına dair mühazirələr dinləyiblər.

Proqram çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində dəyirmi masa təşkil edilib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ölkəmizin xarici siyasət prioritetləri barədə məlumat verərək iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Xarici ekspertlərdən ABŞ-ın Hudson İnstitutunun baş tədqiqatçısı Maykl Doran və ADA Universitetinin Siyasi tədqiqat və nəşrlər üzrə direktoru Damyan Krnceviç Mişkoviç mühazirələrlə çıxış ediblər.

Regiona və ölkəmizə dair nəzəri biliklər əldə edən qonaqlar Qarabağ bölgəsinin sürətli inkişafını yerində müşahidə etmək məqsədilə Ağdam rayonuna səfər ediblər. Qonaqlar işğal dövründə dağıntılara məruz qalan Ağdamın inkişafını əks etdirən “Ağdam şəhərinin Baş planı” barədə məlumat əldə ediblər.

Səfərlə bağlı öz təəssüratlarını bölüşən və Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzini təmsil edən Mehrin Qul bildirib ki, müharibə nəticəsində misli görünməmiş dağıntılardan zərər çəkən Qarabağın inkişafı bütövlükdə regionun inkişafına xidmət edir.

Qeyd edək ki, “Xəzər Hövzəsi Araşdırmaları Proqramı”nda iştirak edən 21 iştirakçıdan 19-u ilk dəfədir ki ölkəmizə səfər ediblər.

Teqlər: