ADA Universitetinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə təqdim etdiyi Kompüter elmləri və Data analitikası üzrə ikili diplom proqramına sənəd qəbulunun ikinci mərhələsi 1 iyul tarixinədək davam edəcək. Hər il bu proqrama 20 tələbə qəbul edilir.
Proqramın ilk tələbələri pandemiya səbəbindən təhsillərini onlayn qaydada davam etdiriblər. Lakin cari ildə iyun ayının sonundan etibarən keçən il qəbul olmuş tələbələr Vaşinqtona səfər edərək 6 ay ərzində orada təhsil alacaqlar. Bu münasibətlə iyunun 11-i ADA Universitetində Vaşinqtona yola düşəcək tələbələrlə görüş keçirilib.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tələbələrlə görüşərək, onların ölkəmizin və ADA-nın adını daim yüksəklərə qaldıracaqlarına ümidvar olduğunu bildirib.
İcraçı prorektor Fariz İsmayılzadə, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Araz Yusubov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, “BP Azerbaijan” şirkətinin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Riçard Pinkam da tədbirdə çıxış ediblər.
ABŞ-dakı təhsil müddəti ərzində tələbələr Corc Vaşinqton Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin müasir laboratoriya və tədqiqat mərkəzlərindən faydalanmaq imkanı əldə edəcəklər.
Proqramın ilk tələbələrindən olan Fəridə Əliyeva proqramla bağlı fikirlərini bölüşüb: “Həm ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində, həm də keyfiyyətli təhsili ilə seçilən ADA-da oxumaq, sonda hər iki prestijli təhsil müəssisəsindən diplom əldə etmək həyatda qarşıma çıxa biləcək ən böyük fürsətlərdəndəndir. Gəncləri bu fürsətdən yararlanmağa səsləyirəm”.
Qeyd edək ki, proqramın bütün təhsil xərcləri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” vasitəsilə və BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.
Proqram barədə ətraflı məlumat üçün keçidə nəzər sala bilərsiniz: https://bit.ly/3cjgnBG
Əlavə suallarınız üçün [email protected] ünvanına yaza və ya (+994 50) 256 99 06 nömrəsi vasitəsilə əlaqə saxlayın.
ADA kampusunda baş tutan görüşün xülasə videosunu aşağıdakı keçid vasitəsilə siz də izləyin:
https://bit.ly/3cLbzYg