Mayın 27-si ADA Universiteti və Gürcüstanın “Geocase” beyin mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan:Strateji Əlaqələr” mövzusunda onlayn-konfrans keçirilib.
ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadənin və “Geocase” Mərkəzinin sədri Viktor Kipianinin moderatorluğu ilə baş tutan tədbirdə Gürcüstanın ABŞ, Kanada və Meksikadakı sabiq səfiri Tedo Caparidze, Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Qumbaridze, Gürcüstanın Çindəki sabiq səfiri David Aptsiauri, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev çıxış ediblər.
Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrini, nüfuzlu beyin mərkəzlərinin tədqiqatçılarını, tələbə və məzunları salamlayan Fariz İsmayılzadə bildirib ki, tədbirin təşkilindəki əsas məqsəd iki ölkə arasında dostluq əlaqələrinin sıx olduğunu dünya ictimaiyyətinə bir daha çatdırmaq və gənc nəsli mövcud strateji əməkdaşlığın əsas istiqamətləri barədə ətraflı məlumatlandırmaqdır.
Ekspertlər qeyd ediblər ki, Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövründə inkişaf etdirilib və uğurla icra edilən transmilli enerji, nəqliyyat-kommunikasiya layihələri ilə ikitərəfli tərəfdaşlıq gücləndirilib.
Çıxışçılar əlavə ediblər ki, iki ölkə arasındakı iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələr uğurla davam etdirilir. Azərbaycan Gürcüstanın xarici investorları sırasında öz liderliyini qoruyub saxlamaqla ticarət dövriyyəsini və regional əməkdaşlığı daha da inkişaf etdirir.
Bildirilib ki, 44 günlük müharibə fonunda regionda müşahidə olunan yeni reallıqlara və dinamik dəyişikliyə baxmayaraq, hər iki ölkə strateji əməkdaşlığı saxlayacaq, beynəxalq platformalarda bir-birini dəstəkləməyə davam edəcək.