ADA-nın prorektoru BƏƏ-də keçirilən “Ali Təhsil İdarəçiləri Forumu”nun yekunlarını təqdim edib (FOTO)

ADA Universitetinin Akademik İşlər üzrə prorektoru Dr. Vəfa
Kazdal Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Ali Təhsil
İdarəçiləri Forumu”nun yekunlarını təqdim edir.

Post-pandemiya dövründə ali təhsilin relevantlığı

Mart ayının 22-24-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay
şəhərində Ali Təhsil İdarəçiləri Forumu (“Higher Education
Leadership Forum”) keçirildi. Forumun mövzusu “COVID-19 – dan sonra
ali təhsilin yeni istiqamətləri: tələblərə və tələbata cavab verən
ali təhsil ekosistemi” idi (“Re-inventing Higher Education
Post-COVID-19 – Towards a Responsive Higher Education Eco-System”).
Forum 50 ölkədən 400 nəfərdən çox dinləyici, 40 nəfərə yaxın
təqdimatçının iştirakı ilə çıxış, debat və dəyirmi masa
müzakirələri əsasında təşkil olunmuşdu.

Forumda ADA Universiteti də təmsil olunurdu. Burada təmsil
olunmağımızın iki səbəbi var idi: birinci səbəb ADA Universitetinin
ali təhsildə mükəmməllik mükafatı üzrə 90-dan artıq müraciət
edənlər arasında seçilən üç namizəd universitetdən biri olması idi.
Digər iki universitet Pakistanın Ağa Xan Universiteti və
İspaniyanın dünya reytinqlərində yüksək yerlərdən birini tutan
Barselona Universiteti idi. İkinci səbəb isə ADA Universitetinin
hibrid təhsil ilə bağlı əldə etdiyi təcrübəni və bu istiqamət üzrə
nəzərdə tutduğu növbəti hədəflərini beynəlxalq təhsil müəssisələri
ilə bölüşmək idi.

Forumda ali təhsil sahəsi ilə bağlı ən aktual suallar
işıqlandırıldı, verilən cavablar isə olduqca maraqlı, mühüm və
konkret idi. Əminəm ki, bütün bu suallar və cavablar bizim ali
təhsil ocaqları, həmçinin tələbələrimiz və onların valideynləri
üçün çox maraqlı olacaqdır.

Forumda aparılan müzakirələr və əldə edilən nəticələr onu
göstərdi ki, pandemiya ilə əlaqədar ali təhsildə baş verəcək
dəyişikliklərlə bağlı miflər özünü doğrultmadı. Miflər ondan ibarət
idi ki, pandemiya şəraiti ali təhsil sistemini radikal şəkildə
dəyişdirəcək, kampuslar əhəmiyyətini itirəcək və ali təhsilin
relevantlığı azalacaqdır.

Əvvəla, ondan başlayaq ki, pandemiya təhsil sahəsində inqilaba
deyil, təkamülə səbəb oldu. Baş verən dəyişiklikləri, xüsusilə də
texnoloji tərəqqi və əmək bazarında olan prioritetləri nəzərə
alsaq, görərik ki, ali təhsil öz məqsədində yeni baxış yaradaraq
özünü tamamilə yeniləmir, daha çox təkmilləşmə prosesindən keçir.
Bu, hər zaman belə olmuşdur. Cəmiyyət, iqtisadiyyat inkişaf edib
dəyişdikcə, ekosistemin bir hissəsi olan təhsil də ekosistemlə bir
vahidlik təşkil etmək üçün daima dəyişib təkmilləşir. Hətta
təqdimatçılardan biri təhsil səviyyələri arasında bir bütövlük və
bağlılığın yaradılması məqsədilə ekosistemə orta məktəblərin də
daxil olmasının nə qədər vacib olduğunu vurğuladı.

Forumun ən maraqlı hissələrindən biri pandemiyadan sonra ali
təhsilin relevantlığına dair debat oldu. Debatın moderator və
çıxışçıları Amerika Birləşmiş Ştatları, Avropa, Cənubi Afrika,
Şimali Kipr və Qətər kimi ölkələrin ali təhsil və ali təhsil
assosiasiyalarında fəaliyyət göstərən, təhsil siyəsətini
formalaşdırıb inkişaf etdirən qərarverici şəxslər idi.

Bu debat zamanı əldə olunan nəticələr onu göstərdi ki, pandemiya
şəraitində ali təhsil sahəsinin relevantlığı və mahiyyəti daha da
qabarıq şəkildə ortaya çıxdı. Bu dövrdə ərsəyə gələn startaplar,
COVID-19, eləcə də təhsil sahəsi ilə bağlı aparılan tədqiqatlar,
bunların fonunda irəli sürülən təkliflər və yeniliklər ali təhsilin
vaciblik və müvafiqliyinin daimi olacağının göstəricisidir.

Debatla paralel forum iştirakçıları arasında mövzu ilə bağlı
interaktiv sorğu da aparılırdı. Birinci sual universitetlərin
başlıca məqsədlərinin nədən ibarət olması idi. Universitetlərin ən
vacib vəzifəsinin yeni sosial institutlar olaraq fəaliyyət
göstərməsi və burada dəyərlərin formalaşdırılması ən çox səs
toplayan cavab oldu. İkinci ən çox səs toplayan cavab isə yeni
sosial era üçün insanları bir araya gətirmək və təlimləndirmək idi.
Əgər bunlar universitetlərin əsas məqsədləridirsə, onda əminliklə
deyə bilərik ki, ali təhsil müəssisələrinin mövcudluğu hər zaman öz
aktuallığını qoruyub saxlayacaqdır. Buna görə də ali təhsil
müəssisələri yeniliklərə açıq olmalı, özlərini təkmilləşdirməli,
eyni zamanda gənclərə müasir dövrün tələblərinə uyğun özlərini
inkişaf etdirmək və potensial bacarıqlarını reallışdırmaq imkanları
yaratmalıdır.

Bu baxımdan kampuslar hər zaman öyrənmə və formalaşma prosesinin
mühüm bir komponenti olaraq var olmaqdadır, lakin kampusların
mövcud olma məqsədi dəyişməkdədir. Onlar bilik mərkəzlərindən
(“knowledge-hub”) sosial mərkəzlərə (“social hub”) çevrilməkdədir.
Belə ki, kampuslar sinif otağından daha çox sosiallaşma,
əməkdaşlıq, axtarış, yaradıcılıq və eksperiment üçün açıq
laboratoriya və məkan olmalıdır. Məhz bu cür kampuslara nümunə kimi
sosial mərkəz konsepsiyası üzərində dizayn olunan, gələcəyə yönəlik
ADA kampus modelini göstərə bilərik. Hətta bu konsepsiya ADA
Universitetinin genişlənməsi ilə bağlı strateji planlarında belə öz
əksini tapıb. Ümumiyyətlə, ADA Universiteti dizaynla bağlı istər
hazırkı, istərsə də gələcək strategiyalarında hər zaman sinif
otaqlarından çox geniş əməkdaşlıq və sosiallaşma məkanlarının
qurulmasına önəm verir.

Təhsilin bilik komponenti artıq virtual kampuslara keçərək onu
hibridləşdirir və beləliklə, təlim prosesinin səmərəliliyini
artırıb zənginləşdirir. Üstünlük “flipped” dərslərə və daha çox
praktikaya əsaslanan, komanda şəklində aparılan kampus
təcrübələrinə verilməlidir. Onu da qeyd etmək lazımdır ki, kampusda
olan mühazirə dərslərinin onlayn şəkildə keçirilməsi heç də yenilik
hesab olunmur. Bu, sadəcə olaraq bir platformadan digər platformaya
keçiddir. Lakin texnologiya və pedaqogikanı gücləndirmək,
öyrənənlərin marağını artırmaq, öyrənmə imkanlarını genişləndirmək
– bu, yenilikdir. Bununla bağlı auditoriya belə bir sual ünvanladı:
“Universitetlərin relevantlığının artırılması üçün yeniliyə daha
çox harada ehtiyac var: öyrənmə və öyrətmə, innovasiya, tədqiqat və
ya sosial fəaliyyətlər sahəsində?” Demək olar ki, səslərin çoxu ilk
iki təklif arasında bərabər şəkildə bölüşdü.

Auditoriyanın təəccübünə səbəb olan məqamlardan biri tədqiqat
komponentinin az səs toplamağı idi, çünki innovasiya və tədqiqat
artıq bir anlayış kimi qəbul edilir. İnnovasiya demək olar ki,
tədqiqatın nəticəsidir, belə ki, ən çox yenilik öyrənmə və öyrətmə
prosesində ortaya çıxır. Öyrənmə və öyrətmə mühiti innovasiya ilə
nəticələnən, startaplara gətirib çıxaran zəncirvari ardıcıllıqla
yaradılmalıdır.

Doğrudan da, sürətlə dəyişən dünyada öyrənmə və öyrətməyə
yanaşmada ciddi dəyişiklər baş verməlidir. Forumda tələbyönümlü
təhsil məsələsinə dəfələrlə toxunuldu. Tələbyönümlü təhsildə
tələbənin maraq, ehtiyac və məsuliyyətini artıran yanaşma özünü
göstərir, yəni tələbə təhsil prosesinin cavabdehlik daşıyan
iştirakçısına çevrilir. Dözümlülük (“resilience”) və çeviklik
(“agility”) ən çox qeyd edilən və zamanın tələb edilən bacarıqları
oldu. Forum boyunca bu iki bacarığı təhsilalanlara aşılamağın
əhəmiyyəti ətrafında müzakirələr aparıldı. Bununla bağlı maraqlı
suallardan biri o oldu ki, universitet məzunları əmək bazarına
daxil olanda onlarda ən çox çatışmayan bacarıqlar hansılardır? Ən
çox səsləndirilən cavablar bunlar idi: insani bacarıqlar (“human
skills”) – tənqidi təfəkkür, problemi həlletmə, yaradıcı yanaşma və
kommunikasiya, həmçinin biznes bacarıqları – datanın
kommunikasiyası, layihə idarəetməsi, dizayn və innovasiya. Bu
baxımdan dünya təcrübəsi, həmçinin ADA Universitetinin təhsil
modelində olan bakalavr proqramlarının ümumi təhsil (“general
education”) hissəsi öz əhəmiyyətini qoruyur və yuxarıda qeyd olunan
bacarıqlar istiqamətində özünü daha da gücləndirməkdədir.

Belə ki, ali təhsil sahəsi hər zaman olduğu kimi və hətta deyə
bilərik ki, daha da çox öz aktuallığını və mahiyyətini qoruyub
saxlayır. Hibrid ali təhsil modeli texnologiya vasitəsilə təhsilin
səmərililiyini və əlçatanlığını artırır, təhsilin
beynəlmiləlləşməsi imkanlarını genişlədir və təhsilalanın tədris
prosesində məsuliyyətini və cavabdehliyini çoxaldır. Bu modeldə
kampus zəngin, əhatəli, sahibkarlıq bacarıqlarını formalaşdıran və
inkişaf etdirən laborotoriya və sosiallaşma məkanıdır. Öyrənmə və
öyrətmə yanaşmaları bu modelə müvafiq olaraq tənqidi təfəkkürün,
yaradıcılıq, problemi həlletmə və sahibkarlıq kimi bacarıqların
inkişafına yönəlməlidirlər.

Forumun ən son hissəsi isə dəyirmi masa müzakirələri idi. Bizim
iştirak etdiyimiz müzakirənin mövzusu təhsil mərkəzləri və onların
müasir tələblərə uyğun olub-olmamasına həsr olunmuşdu. Burada bir
çox Orta Şərq ölkələrində illərdir fəaliyyət göstərən beynəlxalq
universitetlərin filiallarının professor və idarəetmə heyəti bu
məsələnin çətinliklərini müzakirə edirdi. Onlar əməkdaşlıq və
tərəfdaşlıq modeli üzərində qurulan universitet modelinin daha
dayanıqlı olduğunu xüsusilə vurğulayırdılar. Məhz bu səbəbdən illər
əvvəl ADA Universitetinin qurulma dövründə belə müzakirələr
əsnasında rektor Hafiz Paşayev uzaqgörənliyi ilə ADA-nın milli və
qlobal universitet vizyonu ilə qurulmasını məqsədəuyğun hesab
etmişdi.

Teqlər: