Ad günü – insanın özünə hesabatıdır, xatırlamadır, bir anlıq ayaq saxlama və geriyə boylanmadır.
Geriyə boylananda boy verənlərin başında gələn isə…
Sanki Yohğ Tigin yeni bir tarix yonurdu – amma bu dəfə yaddaşımıza, ruhumuza… Hər gün yaddaşımıza, ruhumuza, canımıza möhtəşəm tarix həkk olunurdu, yaddaşımızdan, ruhumuzdan, canımızdan hər gün bir işğal tarixi silinirdi…
2 il öncə, cəmi 4 gün əvvəl bu möhtəşəm günün sorağını erməni sosial şəbəkə istifadəçilərindən, daha sonra mediasından aldıq: Azərbaycan Ordusu Şuşanın cəmi 5 km-dədir!
Sonra Araik təsdiqlədi – Şuşada işğal illərində tikilən kilsə önündən əbləhcəsinə “din savaşı” görüntüsü yaratmaq üçün video paylaşdı və o videoda Azərbaycan Ordusunun Şuşanın bir neçə yüz metrliyində olmasını etiraf etdi.
Noyabrın 5-i erməni sosial şəbəkələrinə bomba düşdü: Azərbaycan əsgərləri Şuşaya sızıb…
Noyabrın 6-da Şuşada döyüşlər getdiyi, erməni təbliğatçılarının “döyüş ruhunu qaldırmaq üçün” əraziyə yollandığı, amma nədənsə, “üzüaşağı getdiyi” görüntüləri yayıldı. Məsələ aydın idi – Şuşa çökəkdə deyildi ki, ora “enəydin…”
Noyabrın 7-si erməni mediası “Artıq Şuşa bizdə deyil” başlıqlı yazıların dərcinə başladı.
Hamının gözü Mübarək Tvitdəydi; Hamı gözünü bir Adamın Dəhanına dikmişdi…
Onillərin intizarına bir Söz son qoyacaqdı…
***
Ağlımızdan, ürəyimizdən keçənləri hardan bilirdi bu Adam? Nəyi, nə vaxt, necə deməyin/etməyin, bütün xalqın ruhunu, düşüncəsini sözə çevirməyin, hamının ürəyindən eyni anda tikən çıxarmağın nə zamansa bir örnəyi olubmu?
Bizim həyat təcrübəmizdə olmamışdı!
Görüş, atəşkəs, Ordumuzun irəliləməsinin dayandırılması xəbəri çıxanda, ümumi bir üzgünlük yaşananda efirə çıxdı: “30 ildir danışırlar, ya biri az, ya biri çox olsun, heç fərqi yoxdur…” Əliylə “havanı” itələdi – hər kəs bu jesti, bu sözü anladı: havayı söhbətdi, Ordu dayanmayacaq!
Düşkünləşənlərin ruhu yenidən qayıtdı!
Qələbə soraqlarını “Bəs, Şuşa” düşüncəsi ilə gözləyənlərə də ehyam etdi:
“Şuşasız işimiz yarımçıq qalmış olar”!.
Ruhumuz qanad açdı!
***
İlham Əliyevin seçdiyi sözlər… Hər biri yaddaşımızdan gəlirdi, xalqın ruh halının ifadəsiydi: “Cəbrayıla yol çəkirdin”, “Şuşada rəqs edirdin”…
İllərlə ürəyimizə dağ kimi çəkilən, bizi məhv edən, təhtəl-şüura ötürülən informasiyaların məhvi üzərindəydi, illərlə cavabı olmayan atmacaların üstündə qurulurdu hər bir çıxış, hər bir söz…
“Nooldu, Paşinyan! Bəs, vermirdin?! Kimdi səndən soruşan? Gəldik, götürdük!”
***
17 il bu günə yol gəlmişdi: bu illər ərzində ölkənin bütün resurslarını – maddi, siyasi, hərbi, iqtisadi və ən əsası, insan resurslarını – bu istiqamətə yönəltmişdi.
Siyasi müstəvidə ən son zərbəsini də həmin il endirmişdi. O cür ki, Paşinyan özü də çaşıb, “Qarabağ Azərbaycandır!” demişdi.
Ermənilərlə tarix üzərindən, kültür üzərindən savaşların hər birindən qalib ayrılmışdı; bütün beynəlxalq arenalarda işğal faktını möhkəmlətmişdi; hər yerdə “hərbi variant qaçılmazdır” tezisini beyinlərə yeritmişdi;
Milyardları silaha, Ordunun güclənməsinə, xüsusi təyinatlıların formalaşmasına, kadrların Türkiyədə oxuyub gəlməsinə xərcləmişdi;
Hər liderə əl uzatmışdı, yardım etmişdi, dost tutmuşdu, qardaş qazanmışdı;
Ən təhlükəli yerlərdən gələ biləcək zərbələri 17 il ərzində addım-addım, ustacasına zərərsizləşdirmişdi;
Düşmənin sığındığı ocağa girmişdi, ocağın əsas Közünü Azərbaycanın qabağına çəkmişdi…
İlham Əliyev 2020-ci ilin 27 sentyabrında hücuma keçməmişdi ki!
Bu tarix 2005-ci ilə aiddir – onda ki, ölkənin xarici siyasətində dəyişiklik anonsu vermiş və müdafiədən hücuma keçməyi tapşırmışdı. 2007-ci ildə isə bunu rəsmən elan etmişdi!
Bütün cəbhələrdə qalib gələ-gələ 2020-ci ilə çıxmışdı İlham Əliyev!
2020-ci ilin iyulunda yer-yerindən oynayanda, düşmən təxribat törədib, generalımızı qətlə yetirəndə “Vur” demədi, “Dur” dedi!
Hər kəs təəccübləndi! Bakı qaynayırdı – ancaq heç kəs bilmirdi ki, İlham Əliyev Bilir: bir saat tez başlamaq olmaz, bir dəqiqə gec də…
İlham Əliyev “bugünün tez, sabahın gec” olduğunu dəqiq hesablamışdı.
Heç kəsin gözləmədiyi anda, bir gecə “ansızın” “Vur” dedi!
***
Ordu ilə birgə savaşırdı; Bütün xalqı Ordu kimi yanına almışdı; Bütün xalqı bir orqanizm kimi idarə edirdi.
Dayanmırdı – ən sərt, ən çətin, ən ermənipərəst, ən vicdansız, prokuror kimi danışan qərəzli media təmsilçilərinin müsahibə istəklərini geri çevirmirdi.
Bütün tribunalardan maksimum istifadə edirdi!
Bütün təbliğat meydanlarına şəxsən özü çıxırdı!
Ermənilərin ittihamçı suallarını mənimsəyən jurnalistləri belə “Siz çox hazırlıqlısınız” sözünü deməyə öz informasiyalılığı, dünyagörüşü, bilgisi ilə məcbur edirdi!
Hələ də dünya Azərbaycan Ordusunun müharibəni Baş Qərargah rəisi olmadan udmasından danışır…
Bilmirlər ki: İlham Əliyev təkcə Ordunun Ali Baş Komandanı deyildi – xalqın Ali Baş Komandanı idi, Ordunun Baş Qərargah rəisi idi; Hücum əməliyyatlarını hazırlayan, həyata keçirən, nəzarət edən idi…
***
Həyatımda aldığım və bundan sonra ala biləcəyim ən böyük ad günü hədiyyəsini axır ki, İlham Əliyev bir gün ötəndən – tam əmin olandan, bir erməni belə Qalada qalmayandan sonra – təqdim etdi. Sübh çağı Bakının ən Uca səmtindən ölkəyə duyurdu:
“Əziz Şuşa, sən azadsan”!
Ad günü hədiyyəmi alırdım… Amma təkcə mənmi?
Bu, əslində İlham Əliyevin bütün xalqımıza ad günü ərmağanıydı!
Çünki Şuşanın azad olunmasıyla biz xalq olaraq Yenidən Doğulduq!
Şuşanın işğaldan azad olunması – 1747-dən bəri kiçilə-kiçilə gəldiyimiz zamanın, dövrün, tarixin təkərinin dayanmasıdır, böyüməyə doğru böyük bir addımdır!
Bu, aşağı-yuxarı Şuşanın yaşı qədərdir: İlham Əliyev hər şeyi Şuşaya və Şuşadan başlamaqla, indiki mürəkkəb vəziyyətə Yenidən Doğulmuş Xalqla “Davam” dedi!
Bu, min illərdir tarix yaradan türklərin geridönüşünün başlanğıcıdır…
Bayramımız mübarək, hədiyyəmiz mübarək, yenidoğuşumuz mübarək!