AÇG-dən sərbəst qaz hasilatı ilə bağlı saziş imzalandı

AÇG-dən sərbəst qaz hasilatı ilə bağlı saziş imzalandı

Bu gün SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) BP, MOL, INPEX, “Equinor”, “ExxonMobil”, TPAO, ITOCHU və “ONGC Videsh” şirkətləri ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” və “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsi (AÇG) üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavənin imzalandığını elan edib.

AzerTimes BP-nin yaydığı məlumata istinadən xəbər verir ki, bu əlavədə AÇG üzrə HPBS-yə tərəflərə AÇG yatağının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləmək imkanı verən düzəlişlər edilir. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmlərdə – 4 trilyon kub futadək olduğu düşünülür.

Yeni qaz sazişi Neftçilər Günü və AÇG üzrə HPBS-nin imzalanmasının 30 illiyinə həsr olunmuş tədbirdə təntənə ilə qeyd olunub. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, ABƏŞ-in prezidenti Qəri Counz və AÇG-nin tərəfdaş şirkətlərinin yüksək səviyyəli rəhbərləri iştirak ediblər.

Sənəd 2049-cu ildə AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadək qüvvədə olacaq. Növbəti 25 il ərzində STQ ehtiyatlarının kəşfiyyatı və qiymətləndirilməsindən asılı olaraq AÇG yatağında STQ ehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulması potensialı var.

AÇG tərəfdaşlarının STQ layihəsində iştirak payları AÇG üzrə mövcud HPBS-də olduğu kimidir: BP (30,37 faiz), SOCAR (25,0 faiz), MOL (9,57 faiz), INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh” (2,31 faiz).

Teqlər: