“AccessBank” birinci rüb ərzində kredit portfelini 18 milyon artırıb

Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” 2021-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini elan edib.

Göstəricilər ilə tanış olmaq üçün:

https://www.accessbank.az/az/our-bank/in-figures/

Birinci rübün sonunda Bankın aktivləri 848 milyon manat təşkil edir.

Eyni tarixə Bankın xalis kredit portfeli 477.2 milyon manatdır. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 520 milyon manat təşkil edib. Birinci rüb ərzində Bankın balansındakı kredit portfelinin payı 59%-dən 61%-ə qalxıb.

Bundan başqa, 2021-ci ilin ilk rübü ərzində “AccessBank” 130 milyon manat məbləğində kredit verib. Kredit portfelində artım 2020-ci ilin sonuna nisbətən 18.3 milyon manat təşkil edib. Bank tərəfindən verilən aylıq kreditlərin 50%-dən çoxu bölgə filiallarının payına düşüb və bütün mikrokreditlərin təxminən 40%-i kənd təsərrüfatı sektoruna verilib.

Mart ayının sonuna Bankın əmanət portfeli 614 milyon manat təşkil edib.


Habelə, 2021-ci ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 12.2 milyon manata bərabər olub.

“AccessBank”ın 2021-ci ilin birinci rübündə xalis mənfəəti 135 min manat olub.

Hazırda Bankın cəmi məcmu kapitalı 78.4 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 28.4 milyon manat çoxdur.

Mart ayının sonuna Bankın ani likvidlik əmsalı 75% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.

“AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgenia Qaşikulina 2021-ci ilin birinci rübünün nəticələrini şərh edib: “Bank, biznes planla müqayisədə kredit portfelininin göstəricilərini 70% üstələyib. Tərəfdaşlığın bizim üçün əhəmiyyətini əyani şəkildə göstərərək, sahibkarlara maliyyə dəstəyi verməkdə davam edirik. Komandamız karantin vəziyyətindən çıxan bizneslərə bərpa olunmaqları üçün maksimum kömək edir. Bankın maliyyə göstəricilərinin 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bir qədər aşağı olsa da, portfelimizi qısa müddət ərzində bərpa edib, əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artıracağımıza əminik.”

Teqlər: