Ölkədə maliyyə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə
AccessBank, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərpoçt-un
birgə əməkdaşlığı çərçivəsində agent bankçılıq modelinin tətbiqinə
start verilib. Regionlarda maliyyə inklüzivliyinin yüksəldilməsini
hədəfləyən layihə Mərkəzi Bankın təşəbbüsü və İqtisadi Məsələlər
üzrə İsveçrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıqda Beynəlxalq
Maliyyə Korporasiyasının (IFC) konsultasiya dəstəyi ilə həyata
keçirilir.
Agent bankçılıq modeli bank məhsul və xidmətlərinin müştərilərə
üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq
təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı az olan
ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının
artırılması üçün sözügedən modeldən geniş istifadə edilir.
Qeyd edək ki, agent bankçılıq layihəsi Azərbaycanda ilk dəfədir
ki, reallaşdırılır və AccessBank layihəyə başlamış ilk yerli
bankdır. Bank ilə Azərpoçt arasında bağlanmış müqaviləyə əsasən,
layihəyə Azərpoçt-un ilk olaraq Ağdaş rayonundakı filialı qoşulub.
Artıq mart ayından etibarən vətəndaşlar adıçəkilən poçt filialında
bank əməliyyatlarını həyata keçirə bilirlər. Layihə cari il ərzində
ölkənin digər poçt şəbəkələrini də əhatə edəcək. Bu layihənin
reallaşması nəticəsində AccessBank-ın təklif etdiyi qabaqcıl bank
məhsulları və xidmətləri müxtəlif regionların sakinləri üçün daha
da əlçatan olacaq.
AccessBank Ağdaş rayonunun yerli Azərpoçt filialında müştərilərə
mikro və aqro kreditlər, həmçinin istehlak kreditləri və debit
kartlarını təklif edir.
AccessBank-ın Pərakəndə Bankçılıq üzrə İcraçı Direktoru İlkin
Quliyev bildirib ki, agent bankçılıq layihəsi regionlardakı
əhalinin maliyyə sektoruna marağının artırılması məqsədini
güdür:”Agent bankçılıq layihəsinə qatılan ilk bank olaraq, Ağdaş
sakinlərinə məhsul və xidmətlərimizi təklif etməkdən məmnunuq.
Agent bankçılıq bank xidmətlərini əlçatan etməklə yanaşı, həm də
əhali arasında maliyyə savadlılığının artırılmasında mühüm rol
oynayacaq. AccessBank-ın əsas strateji hədəfi kiçik və orta
sahibkarlığa dəstək olmaqla ölkənin biznes mühitinə töhfə
verməkdir. Eyni zamanda pərakəndə sektorunun müştərilərini ilkin
tələbatları ilə – istehlak kreditləri və kartlarla təmin etməkdir.
Məhz bu səbəbdən agent bankçılıq layihəsi həm Bankımız, həm də
Mərkəzi Bank üçün xüsusi önəm daşıyır. Layihənin reallaşdırılması
üçün Azərpoçt əməkdaşlarına bankçılıq, bank məhsul və xidmətləri
haqqında silsilə təlimlər keçmişik.”
IFC-nin Çənubi Qafqaz üzrə Regional Meneceri Ivana Fernandes
Duarte layihənin əhəmiyyətini vurğulayıb:“IFC, agent bankçılıq
layihəsini xərcləri azaltmaq imkanına görə dəstəkləyir. Çünki bu
layihə sayəsində banklar ucqarlarda filial şəbəkəsi açmadan da
xidmət göstərə bilirlər”.
AccessBank və Azərpoçt arasında əldə olunmuş razılığa əsasən,
növbəti mərhələdə agent bankçılıq layihəsinə daha bir neçə region
da qoşulacaq.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq,
2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın
səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya
Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və
qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29
filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat
əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin
https://www.accessbank.az
saytına, və ya bankın sosial media hesablarına (Facebook,
Instagram,
LinkedIn)
daxil olmaq olar.