Abxaziyanın Rusiyanın nəzarətinə keçməsinə qarşı çıxan tərəf hazırda aktivləşib. Etirazçılar hesab edirlər ki, Rusiya investisiya müqavilələri ilə Abxaziyanın əsas limanları, infrastruktur layihələri və sənaye obyektlərini faktiki olaraq nəzarət altına alır, bununla da onu öz ərazisinin bir hissəsinə çevirməyə çalışır.
Bu sözləri AzerTimes-a politoloq Turab Rzayev Abxaziyada baş verən etiraz aksiyasının səbəbləri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, etirazçılar Abxaziyanın getdikcə Rusiyanın bir vilayətinə çevrilməsinə qarşıdır:
“Hazırda Abxaziya inkişaf etməmiş bir vilayət kimi Rusiyanın təsiri altındadır. İnsanlar bu vəziyyəti qəbul etmək istəmirlər. Rusiya əvvəllər Gürcüstana ərazi bütövlüyünün bərpası ilə bağlı yardım edəcəyini vəd etmişdi. Gürcüstan bu prosesdə Rusiyanın razılığını vacib hesab edərək münaqişəni danışıqlar yolu ilə həll etməyi üstün tutur. Sergey Lavrovun “Abxaziya və Cənubi Osetiya Gürcüstanla münasibətləri özü müəyyən edəcək” bəyanatına baxmayaraq, Moskvanın təsiri olmadan bu, mümkün görünmür. Gürcüstan tərəfi də bu vəziyyətdən narahatlıq keçirir, çünki Rusiya bu qurumları müstəqil tərəf kimi tanımaqda davam edir”.
Politoloq vurğulayıb ki, Abxaziyada gedən proseslərdən asılı olaraq vəziyyət Gürcüstanın xeyrinə dəyişə bilər:
“Ola bilsin ki, etiraz aksiyaları genişlənərək, Abxaziyanın sərbəst siyasət yürütmək istəyini ortaya qoysun. Bu halda Tiflislə ortaq razılıq əldə etmək mümkündür.
Digər tərəfdən, bu etirazların Gürcüstanla əvvəlcədən razılaşdırılaraq təşkil olunduğu da ehtimal edilir. Belə olduğu halda Abxaziya Gürcüstanın suverenliyini tanımaqla, öz idarəetmə hüquqlarını qoruyaraq, konfederativ bir modeldə birləşə bilər”.
Qeyd edək ki, Abxaziyanın “rəhbəri” Aslan Bjaniya müxalifətin təzyiqi nəticəsində Suxumidən qaçaraq, öz kəndinə – Tamışa sığınıb.