Abşeronda Zərifə Əliyevanın 100 illiyi qeyd edildi – Foto

Abşeronda Zərifə Əliyevanın 100 illiyi qeyd edildi – Foto

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Vüqar İskəndərov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, Abşeron Rayon Mərkəzi xəstəxanasının direktoru, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi üzərinə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır.

Qeyd edilib ki, Zərifə xanım Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olub. Zərifə xanım Əliyevanın həm həkim, həm dəyərli şəxsiyyət, həm də ictimai xadim kimi çox böyük nüfuz qazandığı qeyd olunaraq onun taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yoldaşı və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anası olması yazıldığı vurğulanıb.

Millət vəkili Vüqar İskəndərov Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən danışaraq onun ölkəmizdə ictimai xadim kimi böyük nüfuz qazanması ilə yanaşı çoxlu gənc alimlərin yetişməsində göstərdiyi elmi fəaliyyətdən söz açıb. Millət vəkili qeyd etmişdir ki, Zərifə xanım Əliyeva xalqına xeyirxahlıqla xidmət edən, hümanist və ictimai xadim kimi xalqımızın yaddaşında hər zaman qalacaqdır.

Çıxış edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov bildirib ki, Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında və bir çox göz xəstəliklərinin uğurlu müalicəsində böyük əzmi və fəaliyyəti vardır. Qeyd edib ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub..

Daha sonra Vətən müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva, Saray qəsəbəsi 3 saylı tam orta məktəbin direktoru Təyyubə Hüseynova çıxış edərək Zərifə xanım Əliyevanın sədaqətli həyat yoldaşı, qayğıkeş ana, gözəl tibb xadimi olduğunu vurğulayıblar.

Çıxışçılar Zərifə xanım Əliyevanın həyat və fəaliyətindən danışaraq onun oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın müalicəsindəki fəaliyyətindən söz açıblar.

Tədbirin sonunda Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında bıdii hissə təqdim olunub.

Teqlər: