Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Abşeron rayonunda mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirilir.
AzerTimes xəbər verir ki, keçirilən qəbulların məqsədi sakinləri narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların üzləşdikləri problemləri vaxtında aradan qaldırmaqdır. Görüşlərdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak ediblər.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan şanlı zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, şəhərlərə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, Vətən Müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən ətraflı bəhs edən Abdin Fərzəliyev əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən söz açıb. O cümlədən, Abşeron rayonunda görülən işlər, həyata keçirilən infrastruktur layihələri barəsində ətraflı məlumat verərək kənd və qəsəbələrinin mövcud problemlərinin həlli istiqamətində müvafiq addımların atıldığını söyləyib.
Bildirilib ki, son üç ay ərzində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Parkda cari təmir işləri aparılıb, yaşıllıq zonaları bərpa edilib. Şəhərin Nəsibə Zeynalova küçəsində abad məhəllə yaradılıb, burada həyətyanı sahə mişar daşı ilə əhatəyə alınıb, aqlay daşı ilə üzlənib, tamet daşı döşənib, sakinlər üçün söhbətgah və uşaqlar üçün idman qurğuları quraşdırılıb, gecə işıqlandırılması üçün dirəklər quraşdırılıb, əraziyə oturacaq və məişət tullantıları üçün konteynlər düzülüb. Xırdalan şəhərində 4 binanın ümumi sahəsi 5400 kv.m olan dam örtüyü yenilənib, 3 binanın giriş və pilləkən qəfəslərində təmir-abadlıq işləri aparılıb. Mehdiabad qəsəbə Parkında yerləşən Şəhidlər Xatirə Kompleksində əsaslı təmir işləri aparılıb, Kompleksin, o cümlədn parkın bütün ərazisi gecə işıqlandırılması ilə təmin edilib. Həmçinin, Ceyranbatan qəsəbəsində yerləşən parkda cari təmir-abadlıq işləri aparılıb, söhbətgah və oturacaqlar yenilənmiş, yaşıllıqlar artırılıb.
Abşeron rayonunun bütün kənd və qəsəbələrində məişət tullantıları üçün xüsusi ərazilər ayrılıb, həmin yerlər mişar daşı ilə əhatələnib, abadlaşdırılıb və yeni konteynerlərlə təmin olunub. Masazır və Mehdiabad qəsəbəsinin bir neçə küçəsi kanalizasiya xətti ilə təmin olunub. Rayon ərazisində avtomobil axınının tənzimlənməsi məqsədi ilə sakinlərin müraciəti əsasında 5 yeni işıqfor və surət ölçən radarlar quraşdırılıb. Yağış və qrunt sularının axıdılması məqsədilə Saray və Qobu qəsəbəsində ümumi uzunluğu 450 metr olmaqla yerüstü və yeraltı kanal çəkilib. Son 3 ayda rayon ərazisində 1000-dən çox həmişəyaşıl ağac əkilib. Ümumilikdə son bir neçə ay ərzində rayon üzrə 14 küçə, ümumilikdə 16 kilometrə yaxın ərazi asfaltlanıb, 27 küçə abdalaşdırılıb, müxtəlif materiallar tökülərək yayılaraq sakinlərin istifadəsinə verilib.
Vurğulanıb ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında ötən il Bakı Abadlıq İdarəsi tərəfindən rayon ərazisində 111 km uzunluğunda olan 86 küçəyə gecə işıqlandırılması çəkilib. Cari ildə isə 200 km uzunluğunda, ümumilikdə 233 küçənin gecə işıqlandırılması ilə təmin olunması planlaşdırılıb.
O cümlədən bildirilib ki, Rayon İcra Hakimiyyəti tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla, “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi”nin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Bütün bu işlərə paralel olaraq Mərkəzin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərəfimizdən mərkəzin tikintisinin aparılacağı torpaq sahəsi müəyyən edilib. Hazırda aidiyyatı qurumlarla birgə həmin torpaq sahəsinin sənədləşdirmə işləri həyata keçirilir.
Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.