Abşeronda şəhid Rasim Abdullayevin doğum günü silsilə tədbirlərlə qeyd edilib (FOTO)

Azərbaycanın zəfəri ilə başa çatmış 44 günlük Vətən Müharibəsi
zamanı şəhid olmuş ən yüksək rütbəli hərbi həkim, “Füzulinin azad
olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin
azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən
uğrunda” medalları ilə təltif olunmuş Tibb Xidməti
polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun
(21.02.1975-16.11.2020) anadan olmasının 45-ci ili münasibəti ilə
Abşeron rayonunda Abidə Bulaq Kompleksi istifadəyə verilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və
qazilərlə birgə II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət
etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün
şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş,
məzarları üzərinə tər çiçəklər düzülmüşdür.

İştirakçılar daha sonra Bakı-Şamaxı yolunun Abşeron rayonuna
düşən hissəsində yeni inşa edilən Abidə Bulaq Kompleksinin
istifadəyə verilməsində iştirak etmişlər.

Bildirilmişdir ki, şəhid Rasim Abdullayevin adının
əbədiləşdirilməsi məqsədi ilə inşa edilən Abidə Bulaq Kompleksi
qara mərmərdən hazırlanmış, əraziyə su və kanalizasiya xətti
çəkilmiş, şəhid haqqında zəruri məlumatlar abidəyə həkk
olunmuşdur.

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən müvafiq
göstəriş və tapşırıqlara uyğun olaraq kompleksin ətrafında mini
park yaradılmış, ərazidə həmişəyaşıl ağac və gül kolları əkilmiş,
müasir standartlara uyğun oturacaqlar və zibil yeşikləri
quraşdırılmış, yol kənarındakı hasarların rənglənməsi həyata
keçirilmiş və ərazidə ümumi şəkildə təmir-abadlıq işləri
aparılmışdır.

Tədbirdə şəhid Rasim Abdullayevin keçdiyi döyüş yolundan,
göstərdiyi şücaətlərdən danışılmış, məktəblilər tərəfindən
vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndirilmişdir.

Sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid
Rasim Abdullayevin həyat və fəaliyyətini və müxtəlif dövrlərdə
qələmə aldığı şeirləri özündə əks etdirən “Son nida” kitabının
təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Abşeron Rayon İcra
Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Aqil
Məmmədov, şəhid ailələri və rayon ictimaiyyəti iştirak
etmişdir.

Tədbirdə Abşeron məktəbliləri şəhid Rasim Abdullayevin
şeirlərini səsləndirmişlər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev günün
sonunda şəhid Rasim Abdullayevin əvvəllər yaşadığı evinə gedərək
onun ailə üzvləri ilə görüşüb. Ailənin problemləri, qayğıları ilə
maraqlanıb. RİH başçısı Abşeron rayonunda bundan sonra da şəhid
ailələrinə və qazilərə diqqət və qayğının daimi olaraq
göstəriləcəyini bildirmişdir.

Şəhid Rasim Abdullayevin ailəsi onlara dövlət səviyyəsində hər
zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Teqlər: