Xəbər - Fərid Zöhrabov – Trend:
İçməli və tullantı su xətlərinin mühafizə zonalarının zəbt
edilməsi yolverilməzdir və belə hallar gələcəkdə magistral
kəmərlərin istismarında ciddi problemlər yaradır. Abşeron
yarımadasının şərq hissəsinin içməli su təchizatında mühüm
əhəmiyyətə malik Ceyranbatan-Zirə magistral kəmərinin Məhəmmədi
qəsəbəsindən keçən hissəsində kəmərin mühafizə zonasında fərdi
yaşayış evlərinin tikintisinin qarşısı alınıb.
Trend xəbər verir ki,
kommunikasiya sistemlərinin mühafizə zonaları təftiş edilərkən
Ceyranbatan-Zirə magistral su kəmərinin üzərində qanunsuz tikilmiş
2 fərdi yaşayış evi aşkarlanıb. Ev sahibləri ilə söhbət aparılarkən
məlum olub ki, həmin vətəndaşlar torpaq sahəsini vasitəçidən
alıblar və torpağın həmin şəxslərə məxsus olmasını sübut edən heç
bir sənəd yoxdur. Sakinlərin diqqətinə çatdırılıb ki, ərazidən
keçən 1400 mm diametrli magistral su kəməri yüksək təzyiqlidir və
Abşeron yarımadasının şərq hissəsində yaşayış məntəqələrini içməli
su ilə təmin edir. Bu kəmərin mühafizə zonasında hər hansı fərdi
tikilinin mövcudluğu gələcəkdə baş verə biləcək qəzalar zamanı
texnikaların sərbəst işləməsinə çətinliklər yaradacaq və hətta bəzi
hallarda həmin tikililərin sökülməsi zərurəti yaranacaq. Magistral
kəmərdə təzyiqin yüksək olması qəza hallarında insan həyatı üçün də
ciddi təhlükə yarada bilər. Bu baxımdan kəmərin üzərində və
mühafizə zonasında hər hansı tikintinin aparılması qadağandır.
Təftiş işləri zamanı o da məlum olub ki, həmin qanunsuz
tikililər Böyükşor gölündə su səviyyəsinin tənzimlənməsi məqsədilə
inşa edilmiş nasos stansiyasının daşıyıcı kollektoru üzərində
yerləşir. Ev sahiblərinin diqqətinə çatdırılıb ki, yüksəktəzyiqli
magistral kəmər üzərində fərdi yaşayış evlərinin mövcudluğu
təhlükəlidir və mühafizə zolağı boşaldılmalıdır.
Abşeron rayonu ərazisində, Bakı-Şamaxı yolunun yaxınlığında
qeyri-yaşayış obyektinin qanunsuz olaraq tullantı su xəttinə
qoşulduğu aşkar edilib. Obyekt sahibi texniki şərt almadan 300 mm
diametrli borularla 150 metr uzunluğunda kanalizasiya xətti çəkərək
qanunsuz olaraq yaxınlıqdakı kanalizasiya baxış quyusuna birləşmə
edib. Akt tərtib olunaraq qanunsuz çəkilmiş kanalizasiya xətti ləğv
edilib.
“Azərsu” ASC vətəndaşları və sahibkarları bu cür əməllərdən
çəkinməyə çağırır və bildirir ki, magistral su xətlərinin,
anbarların və digər hidrotexniki qurğuların mühafizə zonasında
fərdi yaşayış evlərinin və obyektlərin tikintisi qadağandır.
Vətəndaşlar və sahibkarlar fərdi yaşayış və obyekt üçün torpaq
alarkən həmin ərazidə kommunikasiya sistemlərinin olub-olmamasını
dəqiqləşdirmək üçün müvafiq qurumlardan rəy almalıdır. Eyni zamanda
içməli su və kanalizasiya şəbəkələrinə qanunsuz qoşulma
yolverilməzdir və xidmətlərdən yararlanmaq üçün mütləq texniki şərt
alınmalıdır.