Xəbər - Samir Əli – Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı
Abşeron Ərazi İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə
əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi başlanıb.
Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, görülən
tədbirlər nəticəsində qeyd olunan qurumda müvafiq sektorda
mütəxəssis vəzifəsində işləmiş Aydaş Məmmədovun digər şöbənin
mütəxəssisi Mirhəmid Ağayev ilə 2019-2022-ci illər ərzində Abşeron
rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi,
texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət
etmiş ayrı-ayrı şəxslərin cəmi 12 min manat pul vəsaitini
dələduzluq yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət
verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, araşdırma zamanı sözügedən qurumun müvafiq
şöbəsində ekspert vəzifəsində işləmiş Araz Həsənli və
vasitəçi-makler Nurlan Seyidovun qeyd olunan dövr ərzində Abşeron
rayonu ərazisində torpaq sahələrinə aid bölgü sənədlərinin tərtib
olunması və çıxarışların verilməsi üçün müraciət etmiş
vətəndaşlardan ümumilikdə 53 min 700 manat pul vəsaitini dələduzluq
yolu ilə ələ keçirərək onları vəzifəli şəxsə rüşvət verməyə təhrik
etmələrinə əsaslı şübhələr aşkar edilb.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında 2022-ci il
fevralın 24-də Aydaş Məmmədov, Mirhəmid Ağayev, Araz Həsənli və
Nurlan Seyidova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2.1
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq),
178.2.2 (təkrar dələduzluq), 178.2.3 (şəxs tərəfindən öz qulluq
mövqeyindən istifadə edilməklə törədilən dələduzluq), 32.4, 312.2
(rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan
edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların,
cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin
müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri
davam etdirilir.