Abşeron rayonunun Xırdalan şəhərində Abşeron Gənclər Şəhərciyinin ərazisindəki çoxmərtəbəli binada 1 nəfərin intihara təşəbbüs etməsi barədə məlumat daxil olub.
AzerTimes-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bina sakinlərindən biri ictimai əsayişi pozaraq (ev əşyalarını eyvandan atmaqla) insanların həyat və sağlamlığı üçün təhlükə törətməklə yanaşı, intihara təşəbbüs niyyətini nümayiş etdirir.
Xilasedicilərdən bir neçəsi intihara cəhd edən şəxsin diqqətini yayındırmaq məqsədilə onunla ünsiyyət qurmağa müvəffəq olub, həmin vaxt qalan xilasedicilər tərəfindən xilasetmə və digər zəruri tədbirlər, o cümlədən təhlükəsizlik çadırının çəkilməsi təmin edilib. Ətrafda olan insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan sonra, xilasedicilər mənzilin qapısını açıb polis əməkdaşlarının içəri daxil olmasına şərait yaradıblar. Vətəndaş polis əməkdaşları tərəfindən saxlanılaraq zərərsizləşdirilib