Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlayıb.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq Abşeronda içməli sudan qanunsuz istifadələrin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə araşdırmalar aparılıb, sudan uçotsuz və sayğacdankənar istifadə hallarının qarşısı alınıb.
Masazır qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilən 6 həyət evinin sudan qanunsuz istifadə etdiyi müəyyən olunub. Belə ki, həmin şəxslər texniki şərt almadan, müqavilə bağlamadan ətrafda yaşayan digər vətəndaşların su xəttinə birləşmə verərək suyu talayıblar. Hər bir həyət evinə edilmiş birləşmələr qəza briqadası tərəfindən ləğv edilib.
Aparılan nəzarət tədbirləri zamanı, Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “50 qəpik” restoranının sudan qeyri-qanuni istifadə etdiyi aşkar edilib. Sudan qanunsuz istifadəyə görə əvvəllər 2 dəfə dəymiş ziyan aktı yazılsa da, sahibkar qanunsuz əməlindən əl çəkməyib. Su sayğacını şəbəkədən qeyri-qanuni şəkildə ayıran sahibkar yaxınlıqdakı parkda yaşıllıqların suvarılması üçün nəzərdə tutulan xətdən özbaşına istifadə edib.
Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsində “Meyvəli” meyvə-tərəvəz satışı məntəqəsinin də sudan qeyri-qanuni istifadə etdiyi müəyyən edilib. Xırdalan şəhəri, Heydər Əliyev prospekti 34A ünvanında yerləşən avtoyuma məntəqəsinin sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qeyri-qanuni istifadə edib.
“İçməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, – deyə Agentlik bəyan edib.
Bu lin yanvar-iyun aylarında “Azərsu” ASC üzrə 8 899, Abşeron rayonunda isə 837 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.