Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
AzerTimes xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Liderin adını daşıyan parkda yerləşən abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, 2023-cü il Azərbaycan üçün mühüm tarixi hadisələrin ildönümü ilə əlamətdardır. Bu il həm də Milli Qurtuluş Gününün 30-cu ildönümü tamam olur. Eləcə də bu il Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin respublikamıza rəhbərliyinin 20-ci ili tamam olacaq. RİH başçısı vurğulayıb ki, bu ilin ən mühüm əlamətdar hadisəsi isə heç şübhəsiz xalqımızın Ulu Öndəri, müasir Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyidir. 2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan olunduğunu xatırladan icra başçısı, Ulu Öndərin xatirəsinə ehtiramın ifadəsi olan bu qərarın bütün cəmiyyətin minnətdarlığı ilə qarşılandığını diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan xalqı son yarıməsrlik tarixində nə nailiyyət əldə edibsə, onların müəllifi birmənalı olaraq Heydər Əliyevdir. Biz yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşuq.
Azərbaycan inkişaf etdikcə, müstəqilliyini daha da möhkəmləndirdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, dövlətimiz qarşısında xidmətləri və fədakarlıqları daha dərindən dərk edildiyini vurğulayan Abdin Fərzəliyev bildirib ki, Ümummilli Liderimiz fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmişdir. Bugünkü bütün nailiyyətlərimizin səbəbkarının məhz Ümummilli Liderimiz olduğunu önə çəkən RİH başçısı qürurla yaşadığımız müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu deyib. Qeyd edilib ki, Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub. Qarşıda bizi gözləyən daha böyük yüksəlişə də Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə gedirik.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.