Abşeron Rayonu Xırdalan şəhər V.Y.Musibov adına 5 nömrəli məktəbdə yanğın baş verib.
AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib:
“Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların sağlamlığına heç bir təhlükə yaranmayıb.
Yanğın zamanı yalnız elektrik naqillərinin paylama qutusu zərər görüb, tədris binası mühafizə edilib.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, məktəbin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır”.
Qeyd edək ki, bundan öncə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində birmərtəbəli məktəb binasında elektrik lövhəsi və qoruyucu açar yanıb.